CƏMİYYƏT
“BİR” tələbə-könüllü proqramının üzvləri Avropa Gənclər Festivalında fəal iştirak ediblər
Bakı, 4 oktyabr, AZƏRTAC
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə keçirilən Avropa Gənclər Festivalında “Bir” tələbə-könüllü proqramının üzvləri də yüksək fəallıq göstəriblər.
Proqramdan AZƏRTAC-a bildiriblər ki, Avropanın əksər ölkələrindən gənclərin, aparıcı təşkilatların rəhbərlərinin, dövlət rəsmilərinin iştirak etdiyi beynəlxalq tədbir zamanı tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, nəzarət, festival əyləncələrinə qeydiyyatın aparılması işlərində fəal rol oynayıblar. Qırx səkkiz ölkədən yüzdən çox gəncin qatıldığı festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif dövlətlərindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin adət-ənənələrini, zəngin tarixini tanıtmaq, dünyaya sülh və birlik mesajı verməkdir.
Festival çərçivəsində gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Sərgidə “BİR” tələbə-könüllü proqramının stendində bu barədə ətraflı məlumat verilib, ziyarətçilərin sualları cavablandırılıb. Proqramın stendi Avropa ölkələrindən gələn qonaqlar və gənclər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, beş gün davam edən festivalın açılış mərasimi Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Forumun baş katibi Allan Pall, “Avropa Gənclər Paytaxtı Şəbəkəsi”nin icraçı direktoru Andras Farkas, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev, həmçinin bir sıra yerli və əcnəbi qonaqlar iştirak ediblər.