SİYASƏT
BİZ HƏQİQƏTİ MÜDAFİƏ ETMƏYƏN PARTİYANIN SIRALARINDA QALA BİLMƏRİK
AXCP İsmayıllı rayon təşkilatının bir qrup üzvünün Bakı şəhərində müsavatçıların təşkilatçılığı ilə baş verən iğtişaşlarla əlaqədar qəbul etdiyi bəyanatda bu fikir bildirilir. Bəyanatda deyilir ki, biz xalq hərəkatına qoşularkən xalqa xidmət etmək məqsədi güdürdük. Lakin bu hərəkata rəhbərlik edənlər başqa yol tutdular. AXCP-dən ayrılmış Müsavat Partiyasının başçısı öz çirkin əməllərini həyata keçirmək üçün bir qrup səbatsız, məsləksiz, əqidəsiz adamı oktyabrın 15-16-da küçələrə çıxardı, qan tökülməsinə bais oldu, dağıntılar törətdi.
Bəyanatda deyilir ki, hamımızın fəal iştirakı ilə keçirilən prezident seçkilərinin nəticələrini şübhə altına alan, hakimiyyəti zorla qəsb etmək istəyən, neçə-neçə ailəyə bədbəxtlik gətirən qanunazidd əməllərə AXCP sədri Əli Kərimlinin, Mirmahmud Fəttayevin etiraz səslərini eşitmədik. Nədənsə onlar susdular. Bütün bunlara görə biz AXCP sıralarından çıxdığımızı bəyan edirik. Biz həqiqəti müdafiə etməyən partiyanın sıralarında qala bilmərik.
Bəyanatı rayonun Mollaqışlaq və Qalacıq kəndlərində AXCP-nin keçmiş doqquz üzvü imzalamışdır.