SİYASƏT
BİZ TÜRKİYƏ DÖVLƏTİ OLARAQ PKK TERRORÇU TƏŞKİLATININ AZƏRBAYCANDA NÖVCUDLUĞUNU, BURADA HANSISA FƏALİYYƏTLƏ MƏŞĞUL OLDUĞUNU AĞLIMIZA BELƏ GƏTİRMİRİK
“PKK MÖVZUSU” İLƏ SİYASİ MÖHTƏKİRLİK EDƏNLƏR AZƏRBAYCANLA TÜRKİYƏNİN QARDAŞLIQ MÜNASİBƏTLƏRİNİ NƏZƏRƏ ALMALIDIRLAR
Türkiyə Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz yanvarın 9-da “ANS” telekanalına müsahibəsində bu sözləri ilə guya Azərbaycanda PKK terrorçu təşkilatının fəaliyyət göstərməsi kimi əsassız fikirlərlə siyasi möhtəkirlik edən bəzi müxalif qüvvələrin “aşının duzunu” yaxşıca verdi.
Səfir vurğuladı ki, bu cür boşboğazlıqla məşğul olanlar bilməlidirlər ki, Azərbaycan kimi Türkiyəyə bu qədər yaxın olan ölkənin öz ərazisində terrorçu təşkilatın fəaliyyətinə imkan verməsi mümkün deyildir və biz bunu heç etimal da etmirik. Əksinə, Azərbaycanın müvafiq dövlət qurumları terrorizmlə mübarizədə Türkiyə ilə çox səmərəli əməkdaşlıq edirlər. Türkiyə, həmçinin PKK terrorizminə qarşı mübarizədə tutduğu mövqeyə görə Azərbaycana minnətdardır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə keçirilən görüşdə söylədiyi fikirləri təhrif edən bəzi siyasi qüvvələrə həmin bəyanatı bir daha diqqətlə oxumağı məsləhət görən səfir demişdir ki, cənab Ərdoğan bu görüşdə Türkiyə ilə Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığını xüsusi qeyd etmiş, qardaş ölkələrimizin dövlət qurumlarının terrorizmə, xüsusilə də PKK terrorizminə qarşı birgə mübarizəsini məmnunluqla vurğulamışdır. Bəli, Ərdoğan bəyan etmişdir ki, PKK təşkilatı Azərbaycanda müxtəlif mədəniyyət və digər ictimai təşkilatlar adı altında fəaliyyət göstərməyə cəhd edə bilər və hər iki ölkənin dövlət orqanları bu cür cəhdlərin qarşısını almaq üçün birgə səylərini daha da gücləndirməlidir.
Bu bəyanatın guya PKK-nın Azərbaycanda fəaliyyət göstərməsi yönündən yozulmasını dezinformasiya və çirkin siyasi möhtəkirlik adlandıran səfir demişdir ki, belə iyrənc işlərlə məşğul olanlar Azərbaycanın və Türkiyənin sarsılmaz dostluğunu gözü götürməyənlərdir.
Əhməd Ünal Çeviköz müsahibəsinin başqa bir yerində demişdir ki, PKK ünsürləri bir çox Avropa ölkəsində fəaliyyət göstərən kürd dərnək və təşkilatları çərçivəsində iş görməyə cəhd edir. Azərbaycanda da bəzi mədəniyyət təşkilatlarında PKK-ya rəğbət bəsləyənlər yuva sala bilərlər. Lakin bu, heç bir halda Azərbaycanda PKK-nın terrorçu təşkilat kimi varlığını ehtimal etməyə əsas ola bilməz.
Səfir vurğulayıb ki, Türkiyə və Azərbaycan terrorizmə qarşı birgə mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcək və bu sahədə mövcud hüquqi bazanı daha da dərinləşdirəcəkdir. Çünki 2001-ci ilin sentyabrında ABŞ-da baş vermiş faciəli hadisədən sonra Azərbaycan və Türkiyə antiterror mübarizəsinin fəal iştirakçılarıdır.