CƏMİYYƏT


BMTM Kolumbiya Universitetinə etiraz məktubu ünvanlayıb

Bakı, 26 noyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ABŞ-ın Kolumbiya Universitetinin İnsan Hüquqlarının Tədqiqatı Mərkəzi İnstitutuna etiraz məktubu ünvanlayıb.

BMTM-dən AZƏRTAC-a daxil olan məktubda bu institutun Azərbaycan-Ermənistan münaqişəsinə qərəzli və birtərəfli münasibətinə etiraz öz əksini tapıb. Belə ki, Kolumbiya Universitetinin qeyd edilən institutu noyabrın 12-də öz səhifəsində Qarabağda insan hüquqları və guya hansısa xarici terror fəaliyyətlərinə dair araşdırma proqramına başlandığını bəyan edib. Noyabrın 13-də universitet tərəfindən ABŞ-dakı erməni lobbisi ilə yaxın münasibətləri olan müxtəlif universitetlərdə və institutlarında çalışan bir qrup şəxsin nümayəndələrinin müraciəti dərc edilib.

Həmin müraciətdə noyabrın 10-da imzalanan Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı atəşkəs razılaşması pislənir, ABŞ rəsmilərinin prosesə müdaxiləsinə çağırılır və bu razılığın bölgədəki ermənilərə qarşı etnik təmizləmə aparmasına rəvac verdiyi iddia edilir.

BMTM-nin Kolumbiya Universitetinə ünvanlandığı məktubda belə nüfuzlu ali təhsil ocağı tərəfindən münaqişəyə birtərəfli və qərəzli münasibətinin təəccüb və təəssüf doğurduğu diqqətə çatdırılaraq, bu cür münasibətin universitetin tərəfsiz, azad söz üçün platforma kimi imicinə zərbə vuracağı vurğulanıb. Məktubda noyabrın 10-da imzalanmış müqavilə əleyhinə çıxış edənlərin mövqeyini anlamağın çətin olduğu diqqətə çatdırılıb. Belə ki, bu müqavilənin müharibənin və qan tökülməsinin qarşısını almaqla yanaşı heç bir şəkildə beynəlxalq hüququn hansısa prinsip və müddəasını pozmadığı vurğulanıb. O da xüsusilə sual edilir ki, insan həyatının hər bir şeydən dəyərli olduğu halda nə üçün qan tökülməsinin qarşısını alan müqaviləyə etiraz edilir. Belə ki, imzalanan müqavilə ilə Azərbaycan özünün suveren torpaqlarında ermənilərin sıx yaşadığı ərazilərə gələrək, iki icma bir yerdə yaşamağı öyrənənə qədər onların təhlükəsizliyinə təminat verəcəyini göstərib. Digər tərəfdən işğaldan azad edilən Ağdam, Kəlbəcər, Zəngilanın və digər ərazilərin hər birinin azad edilməsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən icra edildiyi və baş verdiyi göstərilib. Eyni zamanda, digər tərəfdən həmin ərazilərin Dağlıq Qarabağa aid olmadığı qeyd edilib. Məktubda Azərbaycan tərəfdən muzdluların döyüşməsi iddiasına cavab verilib. Qeyd edilib ki, ölkə prezidenti özünün müsahibələrində və Fransa prezidenti ilə telefon danışığında bu ittihamları sübut edə biləcək konkret faktların təqdim edilməsini tələb edib. Eyni zamanda, Azərbaycanın uzun illər ərzində silahlı qüvvələrinə milyardlarla dollar vəsait xərcləyərək böyük və müasir ordu qurduğunu diqqətə çatdırıb. Azərbaycan ordusunun 100 minlik şəxsi heyətinin olduğu bildirilib.

Sonda Kolumbiya Universitetinin müvafiq institutu münaqişədə qərəzli formada tərəf tutmaq deyil, obyektiv və bitərəf kimi iki xalq arasında dialoqun və birgəyaşayışın yollarının axtarılması üçün vasitəçi olmağa dəvət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.