SİYASƏT


BMTM ekspertlərinin beynəlxalq mediada ikinci Qarabağ müharibəsinə dair məqalələri dərc olunub

Bakı, 30 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Avropa İttifaqının nüfuzlu “Euractiv” informasiya portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Mülki əhalini qəsdən öldürmək müharibə cinayətidir: Ermənilər 80-dən artıq azərbaycanlını öldürüb” sərlövhəli məqaləsi yayılıb.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Ermənistan rəhbərliyinin hazırda davam edən müharibəyə səbəb olan təxribat əməlləri və işğalçı siyasəti haqqında məlumat verib.

“Yeni torpaqlar üçün yeni müharibə” hərbi doktrinasını qəbul etmiş Ermənistanın məqsədli şəkildə müharibəyə hazırlaşması və işğal edilmiş torpaqların coğrafiyasını genişləndirmək üçün Azərbaycana hücum etdiyi bildirilib. Müəllif əlavə edib ki, 27 sentyabrdan bir neçə gün öncə rəsmi Yerevan könüllülərdən ibarət 100 min nəfərlik militant qruplaşmalar yaratmaq haqqında qərar qəbul edərək bu niyyətini açıq şəkildə ifadə edib.

V.Hüseynov qeyd edib ki, Azərbaycan Ordusunun gücü və xalqın əzmi sayəsində təcavüzkar niyyətinə çata bilməyən Ermənistan ağır məğlubiyyətə məruz qalıb. Bunun nəticəsidir ki, aciz durumda olan düşmən ordusu xalqı qorxutmaq, təşviş yaratmaq və sosial xaos törətmək üçün mülki əhalini hədəfə alıb və onlarla günahsız insanın ölümünə səbəb olub.

Müharibənin başlamasından etibarən 80-dən artıq mülki vətəndaşımızın, eyni zamanda, uşaqların ölümünə səbəb olan ballistik raket hücumlarının müharibə cinayəti olduğuna diqqət çəkən müəllif bunun üçün Ermənistanın hərbi və siyasi rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.

Müəllif sonda Azərbaycanın bu cinayətlərə döyüş meydanında cavab verdiyini bildirib.

Həmçinin mərkəzin aparıcı məsləhətçisi Orxan Bağırovun “Azərbaycan və Ermənistan arasında yaşanan hərbi qarşıdurmanın Ermənistan üçün iqtisadi nəticələri” adlı məqaləsi Qafqaz-Asiya Mərkəzi tərəfindən dərc edilib.

Məqalədə əsas diqqət Azərbaycanla Ermənistan arasında yaşanan hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına, o cümlədən müxtəlif iqtisadi göstəricilərinə təsirlərinə toxunulub. Qeyd edilib ki, hərbi xərclər artdığından Ermənistan hökuməti büdcə layihəsinə yenidən baxmaq məcburiyyətində qalıb və nəticədə büdcə xərcləri 84 milyon ABŞ dolları həcmində artıb. Bu isə büdcə xərclərinin ÜDM-in 26,5 faizinə çatması deməkdir. Bununla yanaşı, göstərilir ki, vergi gəlirlərinin azalması Ermənistanda büdcə kəsrinin əsaslı şəkildə artmasına yol açır. Nəticədə ilin sonuna büdcə kəsri ilkin büdcə layihəsi ilə müqayisədə 3 dəfə artaraq 963 milyon dolları ötəcək.

“Belə olan halda, Ermənistan hökuməti büdcə kəsrini maliyyələşdirmək üçün xarici borc cəlb etmək məcburiyyətində qalacaq ki, bu da onsuzda yüksək olan dövlət borcunun daha təhlükəli səviyyəyə qalxmasına səbəb olacaq. Əgər aprel ayında büdcəyə edilən ilk dəyişikliklərdən sonra 532,3 milyon ABŞ dolları həcmində borc götürməyə ehtiyac yaranmışdısa, indiki halda əlavə olaraq 825 milyon dollar borcun cəlb edilməsinə ehtiyac yaranır. Bu isə dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin 60 faiz həddini keçərək təhlükəli həddə, yəni 67 faizə çatmasına səbəb olacaqdır. Bu isə maliyyə təhlükəsizliyi baxımından çox böyük göstəricidir”, - deyə müəllif yazıb.

Sonda müəllif bildirib ki, qarşıdan gələn illərdə Ermənistan ciddi maliyyə problemləri ilə qarşılaşacaq.

“Həm hərbi qarşıdurmanın davam etməsi, həm də COVID-19 virusunun Ermənistanda yenidən sürətlə yayılması iqtisadi və sosial vəziyyəti daha da gərginləşdirəcək. Bu isə Ermənistanı xarici borc götürmək məcburiyyətində qoyur. Həddindən artıq borclanma isə Ermənistanın öz üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi risklərini artırır ki, bu da Ermənistan iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də ciddi maliyyə problemlərinin mövcudluğu şəraitində uzun illər Ermənistan iqtisadiyyatını ayaq üstə saxlayan “borcu yeni borcla qaytar” yanaşması bu dəfə iflasa uğrayacaq”, – deyə müəllif qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.