DÜNYA


BMT Əfqanıstanda törədilmiş dəhşətli terror aktını pisləyib

Bakı, 19 avqust, AZƏRTAC 

BMT Əfqanıstanda törədilmiş dəhşətli terror aktını pisləyən bəyanat yayıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, baş katib Antonio Quterreş və BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto 63 nəfərin ölümünə, 182 insanın isə yaralanmasına səbəb olan faciəni “dəhşətli terror aktı” adlandırıblar.

Bəyanatda qeyd olunur ki, paytaxt Kabildə şiə müsəlmanlarının yaşadığı rayondakı toy mərasimində 1000-dən çox insan olub. Yamamoto vurğulayıb ki, mülki əhalinin hədəfdə olduğu və son illər qurbanların artdığı bu ölkədə törədilən dəhşətli terror aktlarının əsas məqsədi insanlar arasında təriqət zəminində nifrət və qorxu hisslərini gücləndirməkdir. O xatırladıb ki, bu ölkənin şiə əhalisi artıq birinci dəfə deyil ki, bu cür terror hücumlarına məruz qalır.

T.Yamamoto vurğulayıb ki, bu cür dəhşətli faciələrin qarşısını almaq üçün Əfqanıstan hökuməti və hüquq-mühafizə orqanları dinc əhalinin təhlükəsizliyini təmin etmək uçun əlavə tədbirlər görməlidir.

BMT-nin bəyanatında qeyd olunub ki, təşkilat Əfqanıstan xalqını heç bir zaman köməksiz qoymayacaq, bu ölkədə sülhün və təhlükəsizliyin bərqərar olması naminə səylərini davam etdirəcək. Baş katib Quterreş və xüsusi nümayəndə Yamamoto həlak olanların ailələrinə başsağlığı veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.