CƏMİYYƏT


BMT Avropanı ekoloji böhranla mübarizəni gücləndirməyə çağırır

Bakı, 7 oktyabr, AZƏRTAC

54 ölkənin nümayəndələrinin təmsil olunduğu Ətraf mühit üzrə Avropa Konfransında BMT-nin təqdim etdiyi yeni məruzəsində ekoloji böhranın qarşısının alınmasına dair daha fəal hərəkətlərə çağırış yer alıb. Bu barədə AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir.

Ekspertlər Avropa ölkələrini istixana qazlarının emissiyalarının, tullantılarının, çirklənmənin və biomüxtəlifliyinin itirilməsi templərinin azaldılmasına nail olmağa çağırırlar. Onlar güman edirlər ki, həll yolları qapalı dövrəli iqtisadiyyat və davamlı infrastruktura istiqamətləndirmə sayəsində tapıla bilər.

Məruzə BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hazırlanıb. “Bu məruzənin nəticələri region üçün həyəcan siqnalı olmalıdır”, - deyə AİK rəhbəri Olqa Alqayerova bildirib. "Regionun bu yay qarşılaşdığı tarixi quraqlıq gələcək illərdə nələrin gözlənəcəyindən xəbər verir və göstərir ki, artıq vaxt itirmək olmaz".

Sənəddə qeyd olunur ki, müəyyən irəliləyişə baxmayaraq, havanın çirklənməsi regionda sağlamlıq üçün ən ciddi risk olaraq qalır.

Məruzənin müəllifləri hökumətləri istehsalat, istehlak və təkrar istehsalat prosesində tullantıların yaranmasının qarşısının alınması üzrə səyləri, misal üçün vergi güzəştləri kimi maliyyə stimulları vasitəsilə gücləndirməyə çağırır.

“BMT çirklənmənin azalması, ətraf mühitin mühafizəsi, ehtiyatlardan istifadənin azalması və dayanıqlı iqtisadiyyata keçidə kömək etmək üçün bir çox alət və yanaşma işləyib hazırlayıb. Onların tətbiqi xeyli sürətləndirilməlidir”, – deyə, AİK başçısı Olqa Alqayerova xatırladıb.

Məruzənin müəllifləri bəyan edirlər ki, COVID-19 pandemiyasından sonra bərpa zamanı davamlı infrastruktur inkişafına investisiya qoyuluşu müsbət təsir edir.

Lakin, əksər ölkələr iri infrastruktur layihələrinin işə salınmasında çirklənmənin miqyaslarının qiymətləndirilməsi, ekosistem xidmətləri və ya biomüxtəlifliyin qorunması kimi davamlı inkişafı nəzərə alan mexanizmləri hələ işləyib hazırlamalıdır. BMT-nin məruzəsində vəziyyəti düzəltməyə kömək edəcək vasitələr təklif olunur.

“Bu məruzə emissiyaların azaldılması, insanlar və təbiət üçün sağlam mühitin yaradılması, tullantıların səmərəli idarə edilməsi və daha təmiz hava üçün təlimat ola bilər”, - deyə UNEP rəhbəri İnger Andersen vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.