CƏMİYYƏT


BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin yekun qiymətləndirilməsinə dair müzakirələr aparılıb

Bakı, 10 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin (UNAPF 2016-2020) yekun qiymətləndirməsini həyata keçirmək üçün ölkəmizə səfərə gəlmiş beynəlxalq məsləhətçi Kristian Privat ilə görüş olub. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının uğurları, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. Nazir müavini həyata keçirilən islahatlarda BMT qurumları ilə fəal əməkdaşlıq gündəliyinin olduğunu və ildən-ilə daha da genişləndiyini qeyd edib.

Nazir müavini bildirib ki, Tərəfdaşlıq Çərçivəsi Sənədinin prioritetləri sırasında artan şaxələndirmə və layiqli əməyin təminatı prinsipini özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviq olunması, institusional potensialın gücləndirilməsi və səmərəli dövlət xidmətlərinin təşkili də əsas yerlərdən birini tutur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, M.Kərimli həmin sahələrdə Azərbaycanda aparılan islahatları diqqətə çatdırıb. Ölkəmizin iqtisadi inkişafının əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılması ilə tamamlandığını vurğulayıb. O, DOST layihəsi əsasında ölkəmizdə dövlət sosial xidmətlərində innovativ yeniliklərə nail olunduğunu qeyd edib. DOST Agentliyinin, ilk “DOST” mərkəzinin fəaliyyəti barədə məlumat verib, həmçinin həssas qrupların əmək bazarına çıxış imkanlarının artırılması üçün aparılan işləri diqqətə çatdırıb. Birgə icra olunan layihələrin müsbət nəticələrindən bəhs edən nazir müavini ötən ilin dekabrında imzalanmış və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin əhəmiyyətini vurğulayıb.

K.Privat BMT qurumları ilə Azərbaycan arasında əməkdaşlıq təcrübəsinin ölkəmizin mili inkişaf prioritetləri üzrə uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, qiymətləndirmə işlərində də bu amilin diqqətdə saxlanmasının vacibliyini qeyd edib.

Görüş BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin yekun qiymətləndirilməsinə dair müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.