SİYASƏT
BMT BAŞ KATİBİNİN MÜRACİƏTİ YAYILMIŞDIR
Hər il mayın 29-da qeyd olunan Beynəlxalq Sülhməramlılar günü münasibətilə BMT baş katibinin müraciəti yayılmışdır. Müraciətdə deyilir ki, “Əlli il əvvəl əsgərləri döyüş meydanına yeni bayraq altında və bəşər tarixində misli görünməmiş yeni missiya - sülh məramı ilə yola salmışlar...” Bu gün sülhyaratma missiyasını yerinə yetirmək əvvəlkindən çətindir. Sülhməramlı qüvvələrin vəzifələri və məsuliyyəti daha da artmışdır. İndi onlar polisin funksiyalarını da yerinə yetirir, peşə hazırlığı ilə məşğul olur, hakim və ittihamçı kimi çıxış edir, təhsilə və səhiyyəyə rəhbərlik edir, insan hüquqlarına və gender bərabərliyinə əməl olunmasını təmin edirlər. Onlar Kosovoda və Şərqi Timorda yerli hakimiyyət orqanları yaratmışlar, Əfqanıstanın yeni hökumətinə hüququn aliliyini bərpa etməkdə yardım göstərirlər.
Sənəddə deyilir ki, bu gün 89 ölkədən 37 minə yaxın BMT sülhməramlısı üç qitədəki 14 missiyada iştirak edir. Birləşmiş Millətlər Təşkilatının rəhbəri son yarım əsrdə bu nəcib vəzifəni yerinə yetirərkən həlak olmuş 1800-dən çox sülhməramlının xatirəsini də yad etmişdir.