BMT BAŞ KATİBİNİN QADINLAR BARƏSİNDƏ ZORAKILIĞIN LƏĞVİ UĞRUNDA BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ İLƏ ƏLAQƏDAR MÜRACİƏTİ
AzerTAg.az
BMT-nin Baş katibi Kofi Annan qadınlar barəsində zorakılığın ləğvi uğrunda noyabrın 25-də qeyd olunan beynəlxalq mübarizə günü ilə əlaqədar məktubla müraciət etmişdir. Məktubda deyilir ki, qadınlar barəsində zorakılıq insan hüquqlarının ən rüsvayçı şəkildə pozulmasıdır. Bu zorakılıq davam etdikcə biz bərabərliyin, inkişaf və sülhün təmin olunmasında real tərəqqidən danışa bilməyəcəyik.
Qadın və qız alveri bu çoxəsrlik bəlanın ən qorxulu formalarından biridir və bu, dünyada mütəşəkkil cinayətkarlığın ən sürətlə artan növləri sırasına daxildir. Əldə olan məlumata görə, hər il 700 mindən artıq adam şəhvani istismar məqsədi ilə cinayətkarcasına insan alverinə məruz qalır. Silahlı münaqişələr şəraitində qadın və qızlar barəsində getdikcə artan zorakılıq heç də az problem yaratmır. Belə şəraitdə onlar getdikcə daha çox qərəzli hücum obyektinə çevrilir, özü də, zorlama və şəhvani zorakılıqdan müharibə aparmaq metodları kimi istifadə edilir.
Məktubda daha sonra bildirilir ki, transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyasına protokol – insan, xüsusən, qadın və uşaq alverinin ləğv edilməsinə yönəldilmiş protokol 2003-cü ilin dekabrında qüvvəyə minir. BMT-nin Baş katibi qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın Fakultativ protokoluna qoşulmamış olan bütün ölkələri onu qəbul etməyə və qanunsuz ticarət və zorakılıqla mübarizə haqqında qanunçuluğun gözlənilməsinin təmin olunması sahəsində daha fəal tədbirlər görməyə çağırmışdır. O, cəmiyyətin bütün təbəqələrini qadınlar barəsində zorakılığın hər cür formalarına son qoyulması məqsədinə nail olmaq üçün səylərini artırmağa çağırmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var