DÜNYA
BMT BAŞ KATİBİNİN ÜMUMDÜNYA TELEVİZİYA GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏTİ
Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il qeyd olunan Ümumdünya televiziya günü münasibətilə BMT-nin baş katibi Kofi Annanın müraciəti yayılmışdır. Müraciətdə deyilir ki, bu günü qeyd etməkdən məqsəd dünya ictimaiyyətinin diqqətini Yer üzündə sülhün və inkişafın bərqərar olunmasında telviziyanın roluna cəlb etməkdir.
Sənəddə bildirilir ki, televiziya kanallarının rəhbərləri 2003-cü ilin dekabrında Cenevrədə informasiya birliyi məsələlərinə dair yüksək səviyyədə keçiriləcək Ümumdünya görüşünün birinci mərhələsində iştirak edəcəklər. Görüşdə informasiya inqilabı və onun nəticələri müzakirə olunacaqdır. Bundan əlavə, BMT elə həmin ay Cenevrədə elektron informasiya vasitələrinin ümumdünya forumunu keçirmək niyyətindədir. Forumda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin kütləvi informasiya vasitələrinin rəhbərləri və əməkdaşları, habelə siyasətçilər və BMT sisteminin nümayəndələri dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında elektron informasiya vasitələrinin rolunu müzakirə edəcəklər.
Baş katib onu da vurğulayır ki, televiziya ümumbəşəri və milli dəyərlərin təbliğinə ciddi töhfə verə və televiziya ekranlarından təkcə nüfuzlu adamların deyil, həm də cəmiyyətin bütün üzvlərinin sözünün eşidilməsinə nail ola bilər. Televiziya çalışmalıdır ki, dözümsüzlüyün, zorakılığın və rəhmsizliyin təbliğ vasitəsinə çevrilməsin.