DÜNYA


BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində COVID-19-a qarşı mübarizəyə həsr edilmiş qlobal sammit keçirilib

Vaşinqton, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində COVID-19-a qarşı mübarizəyə həsr edilmiş Qlobal sammit keçirilib.

AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə virtual formatda təşkil olunmuş sammitdə Prezident Co Bayden çıxış edib. Ağ evin rəhbəri bildirib ki, ABŞ hökuməti COVAX layihəsi xətti ilə daha 500 milyon doza Pfizer vaksinini dünyaya ianə etmək niyyətindədir.

Xatırladaq ki, vaksinlərin ədalətli bölgüsünü təmin etmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının, UNİCEF-in və GAVI alyansının təşəbbüsü olan COVAX layihəsinə dünyanın bir sıra ölkələri qoşulub. Bu ölkələrin bir qismi preparatların donoru, digərləri həmin preparatları alanlardır.

ABŞ Prezidenti sammiti açaraq bütün beynəlxalq birliyə müraciətlə hamını COVID-19 pandemiyasına qarşı mübarizədə birləşməyə, insanların həyatını qorumağa, bütün dünyada vaksinləməni nizamlamağa və pandemiyadan sonrakı dövrdə bərpa işinə daha ciddi yanaşmağa çağırıb.

O qeyd edib ki, bütün dünyada pandemiya üzərində qələbə qazanılmayınca ABŞ bu ölkədə pandemiyaya qalib gələ bilməz. Prezident deyib ki, Vaşinqton COVID-19-a qarşı qlobal mübarizə üçün 15 milyard dollardan artıq vəsait ayırıb və xarici ölkələrə COVID-19-a qarşı 160 milyon dozaya yaxın, o cümlədən öz ehtiyatlarından 130 milyon doza vaksin göndərib.

ABŞ tərəfindən COVAX layihəsi üzrə xarici ölkələrə hədiyyə edilmək üçün 500 milyon doza Pfizer vaksini alınmasını vurğulayan Bayden deyib: “ABŞ yoxsul ölkələr üçün daha 500 milyon doza vaksin almağa hazırdır. Biz bu günə qədər Amerikada edilmiş hər peyvəndin müqabilində başqa ölkələrdə 3 peyvəndin təmin olunmasını öhdəyə götürmüşük”.

BMT-nin Baş katibi Antonio Quterreş bu sammitin təşkil olunmasına görə Prezident Baydenə təşəkkürünü bildirib. O vurğulayıb ki, bu gün pandemiyaya qalib gələ biləcək təsirli vaksinlər var, lakin qlobal səhiyyə sistemi bu işin öhdəsindən gələ bilmir: 4,5 milyon insanın həyatı itirilib və bu göstərici artmaqdadır. Quterreş bildirib ki, bütün dünya üzrə vaksinləmə heç də xeyriyyəçilik deyil. O, peyvəndləmənin əhatə dairəsini genişləndirmək üçün Qlobal Planı dəstəkləməyə çağırıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.