BMT Böyük Britaniyanın ölkədəki qeyri-qanuni mühacirləri Ruandaya göndərmək planını dayandırmağa çağırıb
AzerTAg.az
London, 18 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) Böyük Britaniyanı ölkəyə qeyri-qanuni yollarla daxil olanları Ruandaya göndərmək planını dayandırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin İnsan Qaçaqmalçılığı üzrə Xüsusi Məruzəçisi Siobhan Mullally verdiyi yazılı açıqlamada Britaniyanın sığınacaq axtaran şəxslərin müraciətlərini qiymətləndirmək üçün Ruandaya göndərmə planının beynəlxalq hüququ pozduğunu bildirib.
Beynəlxalq müdafiə üçün bir ölkəyə sığınmağın insanın təbii haqqı olduğuna diqqət çəkən S.Mullally deyib: “Sığınacaq axtaran şəxslərin üçüncü ölkəyə göndərilməsi nəinki insan qaçaqmalçılığının qarşısını almır, həm də sığınacaq axtaranları daha təhlükəli və riskli vəziyyətə salır”.
S.Mullally Avropa İnsan Haqları Məhkəməsinin Böyük Britaniyanın Ruandaya iyunun 15-də olan ilk uçuşunu dayandırmaq qərarını təbrik edib və Böyük Britaniya hökumətini planı dayandırmağa çağırıb.
Qeyd edək ki, aprel ayında Böyük Britaniya ölkədəki bəzi qeyri-qanuni mühacirləri Ruandaya göndərmək üçün Afrika ölkəsi ilə razılaşıb. Hökumət bu qərarla qanunsuz immiqrasiya problemini həll etməyə çalışdığını açıqlayıb. Lakin Avropa İnsan Haqları Məhkəməsi ilk uçuşun həyata keçirilməsinə imkan verməyib. Baş nazir Boris Conson da Böyük Britaniyanı Avropa İnsan Haqları Məhkəməsindən çıxarmaqla hədələyib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin mətnində orfoqrafik səhv var