DÜNYA
BMT Hindistanda müsəlmanlara qarşı silahlı hücumlardan narahatlığını ifadə edib
Bakı, 20 fevral, AZƏRTAC
BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet son günlər Hindistanın Cammu və Kəşmir ştatında müsəlman icmalarına qarşı ölümlərlə nəticələnən silahlı hücumlardan narahatlığını ifadə edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BMT-nin insan haqları üzrə ali komissarının bəyanatında deyilir: ”Biz Hindistanın Kəşmir bölgəsində bəzi qüvvələrin Pulvamada baş vermiş insidentdən istifadə edərək müsəlman əhaliyə qarşı vəhşi hücumlarından dərin narahatlıq hissi keçiririk”. M.Baçelet əlavə edib ki, dini mənsubiyyət zəminində dinc əhaliyə qarşı silahlı hücumların qarşısı qətiyyətlə alınmalıdır.
BMT-nin insan haqları üzrə ali komissarı fevralın 14-də baş vermiş və Hindistanın 44 hərbi polisinin öldürüldüyü insidentin ədalətli təhqiqatının aparılmasının zəruriliyini də qeyd edib. “Biz Hindistanın rəsmi dairələrinin bu məsələ ilə əlaqədar səyləri barədə məlumatlar alırıq və ümidvarıq ki, bu ölkənin hökuməti dinc əhalini dini mənsubiyyətlə bağlı bütün təhlükələrdən qorumaq üçün zəruri tədbirləri görəcək. Eyni zamanda, iki qonşu nüvə dövlətləri arasında gərginliyin artmasının regionda sabitlik və təhlükəsizliyin təmini baxımından təşviş doğurduğunu da əlavə etmək istəyirik”, -deyə M.Başeletin bəyanatında vurğulanır.