SİYASƏT


BMT İnkişaf Proqramı həssas qruplara hüquqi yardım üzrə bələdçi hazırlayıb

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də BMT İnkişaf Proqramı “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlayaraq, hüquqşünasların istifadəsinə verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dilində nəşr olunan bələdçi regionlarda həyata keçirilən ödənişsiz hüquqi yardım fəaliyyətlərində çalışan şəxslərə kömək etmək üçün metodik vəsait kimi işlənəcək.

Bələdçi sosial hüquqlar üzrə hüquqi yardımın mahiyyətinə uyğun olaraq nəzəri və praktik hissələrdən ibarət hazırlanıb. Bələdçinin nəzəri hissəsində sosial hüquqların hüquqi əsasları, onların inzibati qaydada və məhkəmə müdafiəsi, məhkəmə sistemi, məhkəməyə qədər məcburi ilkin mediasiya ilə bağlı materiallar verilib.

Metodiki vəsaitin praktik hissəsində isə, inzibati orqanlara və məhkəmələrə ərizə və şikayətlərin formaları və nümunələri verilib. Burada inzibati orqanlara ərizə və şikayətlərin, mülki və inzibati məhkəmələrə iddia ərizələrinin forma və nümunələri, apellyasiya və kassasiya məhkəmələrinə şikayətlərin formaları əksini tapıb.

Bələdçi BMT İnkişaf Proqramının “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində təqdim olunub.

Təqdimat mərasimində çıxış edən BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva bildirib ki, Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayırıq və bu istiqamətdə gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik. O qeyd edib ki, layihə çərçivəsində hüquqi yardımın göstərilməsi üçün Qadın Resurs Mərkəzlərinin seçilməsi bu yardımdan əhalinin həssas qruplarından olan qadınların da faydalanmasına imkan verir.

Layihə çərçivəsində Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstərilir. Vətəndaşlar BMT-nin İnkişaf Proqramının dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana bilərlər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığa, insan hüquqları ilə bağlı islahatların həyata keçirilməsinə daim dəstək göstərib və bunda böyük həvəslə iştirak edib. O, həmçinin Vəkillər Kollegiyasının, xüsusilə ödənişsiz hüquqi yardım sahəsində 2018-ci ildən başlayaraq ciddi işlər gördüyünü qeyd edib. Eyni zamanda, bu illər ərzində on minlərlə insana ödənişsiz hüquqi yardımın göstərildiyini vurğulayıb.

Təqdimat mərasimində, həmçinin ölkəmizdə həssas qruplara hüquqi yardım və ödənişsiz hüquqi yardım sahəsindəki mövcud vəziyyətlə bağlı çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.