REGİONLAR


BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Gəncəyə səfər edib

Gəncə, 21 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının (İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasseti Gəncəyə rəsmi səfər edib. Səfər zamanı o, BMT İP-nin dövlət tərəfdaşları və beynəlxalq donorların dəstəyi ilə həyata keçirdiyi birgə layihələrin nəticələri ilə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi, BMT İP-nin Peşə təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi ilə bağlı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirilib. Görüşdə rezident nümayəndə ilə birgə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov iştirak ediblər. Görüş zamanı layihə rəhbəri Eltəkin Ömərov bu günədək həm cari layihə çərçivəsində, həmçinin əvvəlki peşə təhsili layihəsi üzrə həyata keçirilən fəaliyyətlər və əldə edilən nəticələr barədə məlumat verib. BMT İP-nin dəstəyi ilə sözügedən peşə təhsil müəssisəsi üçün yeni kurrikulumlar, tədris modulları yaradılıb və infrastrukturun yenilənməsinə yardım edilib. Ümumilikdə, 500-ə qədər müəllim və tələbə layihədən faydalanıb. Qeyd edək ki, peşə təhsilinin infrastruktur, tədris və kommunikasiyası üzrə müasirləşdirilməsi istiqamətində olan hazırkı layihə çərçivəsində isə 3000-dən artıq tələbə birbaşa faydalanacaq.

Daha sonra rezident nümayəndə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Cey Sinqx ilə birgə Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Peşəkar İnkişaf və İnnovasiyalar Platforması (PROGRO) mərkəzinə baş çəkiblər. PROGRO 2019-cu ildə BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi və USAID tərəfindən maliyyələşən “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində hazırlanıb.

Platformanın məqsədi Azərbaycanda əhalinin, xüsusilə gənclərin əmək bazarının müasir tələblərinə və perspektivlərinə cavab verən peşəkar və səriştəli gənclər yetişdirmək, eləcə də onların uzunmüddətli məşğulluğu və özünüməşğulluğuna xidmət etməkdir. Bu günədək, layihə çərçivəsində Gəncə, Zaqatala, Masallı və Sumqayıtdan olan 408 gənc üçün karyera planlaşdırılması, peşəkar bacarıqların və sahibkar düşüncəsinin formalaşdırılması üzrə təlimlər keçirilib. COVID-19 dövründə isə 1000-dən çox gənc uzun və qısa müddətli peşəkar inkişaf təlimlərindən faydalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.