İQTİSADİYYAT
BMT KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ YENİ LAYİHƏLƏRİ İNKİŞAF ETDİRİR
FAO-nun Azərbaycandakı rəsmi nümayəndəsi Ramiz Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Havadan zondlama yolu ilə yerin torpaq-iqlim şəraitinin müəyyənləşdirilməsi”nə dair 211,5 min dollar dəyərində ilk birgə layihə respublikamızın Milli Aerokosmik Agentliyi ilə birlikdə həyata keçirilib başa çatdırılmışdır. Bu layihə sayəsində fermer təsərrüfatlarının sahiblərinə onların bu və ya digər sahədə fəaliyyətinin inkişaf imkanları barədə tam məlumat verilir.
O dedi ki, Azərbaycanın Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə kənd təsərrüfatı sahəsində iki yeni layihə üzrə birgə iş, habelə Qara dəniz regionunda kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsinə dair yeni layihənin gerçəkləşdirilməsi haqqında danışıqlar davam edir.
Xatırladaq ki, Azərbaycan FAO-ya 1995-ci il oktyabrın 20-də daxil olmuş, milli nümayəndəlik isə 2000-ci ilin dekabrında açılmışdır. FAO-nun Azərbaycanla əməkdaşlığa hazır olmasına belə bir fakt sübutdur ki, cari ilin yanvarından bəri bu təşkilatın 8 nümayəndə heyəti Azərbaycana gəlmişdir.