DÜNYA
BMT Malayziyanın “Boeing” təyyarəsində həlak olanların xatirəsini anıb
Bakı, 18 iyul, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasında beş il əvvəl Ukraynanın Donetsk vilayətinin səmasında raketlə vurulmuş “Boeing” sərnişin təyyarəsində həlak olan 298 qurbanın xatirəsi bir dəqiqəlik sükutla anılıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş faciə ilə bağlı həqiqətləri üzə çıxarmaq və təqsirkarları cəzalandırmaq üçün bütün ölkələri bu məqsədlə yaradılmış Beynəlxalq istintaq qrupu ilə əməkdaşlıq etməyə çağırıb.
Xatırladaq ki, 2014-cü il iyulun 17-də həmin təyyarə Amsterdamdan Kuala-Lumpura uçarkən Donetsk vilayətinin üzərində raketlə vurulub. Avialaynerin göyərtəsində olan 289 nəfərin hamısı həlak olub.
BMT Baş katibinin bu münasibətlə yayılmış bəyanatında daha sonra qeyd olunur ki, həmin il qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnaməsində faciənin günahkarlarının müəyyən edilməsi üçün bütün ölkələr əməkdaşlığa dəvət olunub. Sənəddə əlavə edilir: “Bu cür hallarda həqiqətin üzə çıxarılması ədalət məhkəməsi və faciə qurbanlarının xatirəsi, onların yaxınları üçün çox vacibdir”.
BMT Təhlükəsizlik Şurasının üzvləri bir neçə dəfə bu məsələni müzakirə ediblər. Rusiya 2014-cü ilin iyulunda müvafiq qətnaməni dəstəkləsə də, bir il sonra həmin faciə ilə bağlı sənədə veto qoyub.