DÜNYA


BMT Məhəmməd Mursinin ölümü ilə bağlı müstəqil təhqiqat aparmağa çağırıb

Bakı, 18 iyun, AZƏRTAC

Misirin hakimiyyət orqanları iyunun 17-də məhkəmə prosesi zamanı həyatını itirmiş sabiq prezident Məhəmməd Mursinin ölümünün müstəqil təhqiqatını aparmalıdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu bəyanatla Cenevrədə BMT-nin insan hüquqları üzrə ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill çıxış edib. “Aydındır, vətəndaş Mursinin saxlanma şəraiti də daxil, onun ölümü ilə bağlı son dərəcə diqqətlə müstəqil təhqiqat aparmaq lazımdır”, - deyə o, jurnalistlər arasında yayılan yazılı şərhində qeyd edib. Kolvill vurğulayıb ki, belə təhqiqatı hakimiyyətdən asılı olmayan məhkəmənin, yaxud həbsxanada saxlanmaya cavabdeh olan digər səlahiyyətli orqanların aparması zəruridir. O əlavə edib ki, təhqiqat “sürətli, qərəzsiz və effektli” olmalıdır.

Xatırladaq ki, Məhəmməd Mursi əsas müttəhim kimi keçdiyi casusluq işi üzrə məhkəmə iclasında vəfat edib. Ona söz verilib və bundan sonra fasilə elan olunub. Həmin məqamda sabiq prezident huşunu itirib və özünə gəlmədən keçinib. Misir dövlət televiziyasının yaydığı məlumata əsasən, sabiq dövlət başçısının ölümünə ürək tutması səbəb olub.

“Müsəlman qardaşları” assosiasiyasının lideri Məhəmməd Mursi 2012-ci ildə Misirdə keçirilən prezident seçkilərində qələbə qazandıqdan bir il sonra hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılmış və həbs olunmuşdu. Casusluq, dövlətə xəyanət və etirazçılara hücum maddələri üzrə ittiham olunan Mursi bəzi epizodlara görə ölüm hökmünə və ömürlük həbs cəzasına məhkum edilmişdi.

Məhəmməd Mursi bu gün Qahirə şəhəri yaxınlığındakı qəbiristanlıqda dəfn olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.