REGİONLAR
BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATININ YENİ NÜMAYƏNDƏSİ ETİMADNAMƏSİNİ TƏQDİM ETMİŞDİR
Abdellatif Tabet etimadnaməsinin surətini nazirə təqdim etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İsmət Abasov qonağı yüksək təyinat münasibətilə təbrik etdikdən sonra nüfuzlu beynəlxalq qurumun Türkiyədəki nümayəndəsinin eyni zamanda ölkəmizdə də akkreditə olunması barədə Azərbaycan hökumətinin təklifinin qəbul edilməsindən məmnunluğunu ifadə etmişdir. O demişdir ki, bu, FAO ilə Azərbaycan arasında 10 ildən bəri davam edən əməkdaşlıq tarixində yeni mərhələ açır.
Nazir ölkəmizdə aparılan aqrar islahatlar, onların nəticələri barədə söz açmış, xüsusi vurğulamışdır ki, hazırda ölkəmizdə istehsal edilən aqrar məhsulların 99,8 faizi özəl bölmənin payına düşür. Təəssüflə qeyd edilmişdir ki, ötən 10 il ərzində cəmi 4 birgə layihə reallaşdırılmışdır. Halbuki bu rəqəm qonşu Gürcüstanda 26, Ermənistanda isə 29-dur. Cənubi Qafqazda FAO-nun yalnız Azərbaycanda ofisi yoxdur. Bu ofisin açılması məqsədəuyğun olardı.
Nazir məlumat vermişdir ki, FAO-nun Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 3 layihə hazırlanmışdır, lakin onların maliyyələşdirilməsi üçün FAO tərəfindən donorların tapılmasına ehtiyac var. O, cari ildə “Azərbaycanda kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və marketinqinin təşkili”, “Ərzaq təhlükəsizliyi” və “İpəkçilik sahəsinin inkişaf etdirilməsi” layihələrinin təsdiqlənərək həyata keçirilməsini də təklif etmişdir.
Abdellatif Tabet səmimi qəbul və ünvanına deyilən xoş sözlər üçün minnətdarlığını bildirmiş, FAO-nun Baş direktorunun əməkdaşlığın dərinləşməsinə töhfəsinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırmışdır. Qonaq məlumat vermişdir ki, təmsil etdiyi qurum Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə qısa və uzunmüddətli proqramlar hazırlayacaq, onların maliyyələşdirilməsi üçün donor ölkələr tapılmasına kömək edəcəkdir. Eyni zamanda bu beynəlxalq təşkilat Azərbaycanda kənd təsərrüfatının inkişafından ötrü investisiya konfransı keçirməyi planlaşdırır.