REGİONLAR
BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO) AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİNİN TƏCRÜBƏSİNİ ÖYRƏNMƏYİ TÖVSİYƏ ETMİŞDİR
AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, FAO-nun baş qərargahında Ümumdünya heyvan genetik ehtiyatlarının vəziyyəti üzrə (Sow-AnGR) ilk hesabat məruzəsinin hazırlanması prosesi və fermer təsərrüfatı heyvan genetik ehtiyatlarının menecmenti üzrə Qlobal Strategiyanın gələcək inkişafı nəzərdən keçirilmişdir.
Sessiya ərəfəsində hesabat məruzəsinə hazırlıq üzrə milli əlaqələndiricilər üçün qlobal seminar təşkil edilmişdir. Seminarda və sessiyada FAO-nun rəhbərləri, dünyanın 140 ölkəsini təmsil edən milli əlaqələndiricilər iştirak etmişlər. Dünya əhəmiyyətli bu mötəbər tədbirdə ölkəmizi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, heyvan genetik ehtiyatları üzrə milli əlaqələndirici Fərhad Eminov təmsil etmişdir. Tədbirlə bağlı diskussiyalarda və müzakirələrdə F.Eminov Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin rəhbərliyi altında Azərbaycanda bioloji müxtəlifliyin, o cümlədən heyvan genetik ehtiyatlarının öyrənilməsi ilə bağlı görülən işlər və hazırlanmış hesabat haqqında məlumat vermişdir. Müvafiq strukturların mütəxəssis və alimlərinin iştirakı ilə Genetik Ehtiyatlar İnstitutunda hazırlanan və FAO-ya təqdim edilən hesabat bu beynəlxalq təşkilat tərəfindən yüksək dəyərləndirilərək İnternet saytında yerləşdirilmişdir. Hesabat FAO rəhbərliyi tərəfindən nümunə kimi seminar iştirakçılarına təqdim olunmuşdur.
Seminar və sessiyanın iştirakçıları Azərbaycanda Heyvan Genetik Ehtiyatlarının öyrənilməsi sahəsində atılan addımlardan və Milli Proqramın yerinə yetirilməsi üzrə görülən işlərdən məmnun qaldıqlarını bildirmişlər.
Heyvan genetik ehtiyatlarının vəziyyəti üzrə ilk hesabat məruzəsinin hazırlanması prosesində Azərbaycan mütəxəssislərinin təcrübəsindən geniş istifadə etmək məsləhət görülmüşdür.