İDMAN
BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
BMT-nin baş katibi Pan Gi Mun 12 Avqust - Beynəlxalq Gənclər günü münasibətilə müraciət etmişdir.
Baş katibin müraciətində bu əlamətdar günün Yer kürəsində yaşayan 1 milyard 200 milyon gəncə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək və cəmiyyət həyatının bütün sahələrində gənclərin iştirakına təkan vermək üçün gözəl bir fürsət olduğu vurğulanır. Pan Gi Mun bayram tədbirlərinin “Özünüzü göstərin, səsinizi ucaldın: inkişaf prosesində gənclərin iştirakı” devizi altında keçiriləcəyini və əsas diqqətin gənclərin öz ölkələrinin inkişafında fəal iştirak etmələrinə yönələcəyini qeyd edir.
Pan Gi Mun 2015-ci ilədək dünya üzrə yoxsulluq və səfaləti yarıya qədər azaltmaqda gəncləri dəyərli və sadiq tərəfdaş sayaraq, onlara HİV/AİDS-lə mübarizənin ön sıralarında olmağı arzulayır.
Baş katib gəncliyin qloballaşan dünyamıza yeni düşüncə və yaradıcı yanaşma gətirdiyini və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda onların iştirakına həmişəkindən daha çox ehtiyac duyulduğunu vurğulayır.
Müraciətdə dünya dövlətlərindən gənclərə maliyyə yardımları və təhsil imkanlarını artıraraq, öz potensiallarından istifadə etməkdə onlara kömək göstərilməsi xahiş olunur.