SİYASƏT
BMT-NİN BAŞ KATİBİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA MÜRACİƏT ETMİŞDİR
Yanvarın 31-dən fevralın 4-dək Braziliyanın Porto-Aleqre şəhərində Dünya Sosial Forumu keçirilmişdir. Forumun sonuncu iş günündə BMT-nin baş katibi Kofi Annanın dünyanın qeyri-hökumət təşkilatlarının /QHT/ 60 mindən çox nümayəndəliyinə ünvanlanmış müraciəti oxunmuşdur.
Müraciət qeyri-hökumət təşkilatlarını “siyasi qarşıdurmalardan kənarda qalaraq”, ümdə sosial problemlərin həlli və yoxsulluğun azaldılması naminə öz ölkələrinin hökumətləri və işguzar dairələri ilə səylərini birləşdirməyə çağırır.
Sənəddə deyilir: “ Əgər biz yeni minillikdə bütün ölkələrin hökumətləri qarşısında yoxsulluğu 2015-ci ilədək yarıbayarı azaltmaq məqsədini qoyuruqsa, bu, rəsmi inkişafa kömək üçün hər il əlavə 50 milyard dollar vəsait tələb edəcəkdir”.
BMT-nin mətbuat üçün məlumatına görə, Dünya Sosial Forumunun iştirakçıları bir sıra görüşlər keçirmişlər. Görüşlərdə əsas diqqət inkişafın maliyyələşdirilməsinə dair qarşıdakı Beynəlxalq konfransa hazırlıq işlərinə yönəldilmişdir.Konfrans inkişaf etmiş ölkələrin, Dünya Ticarət Təşkilatının, Dünya Bankı , Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə qurumları nümayəndələrinin iştirakı ilə bu il martın 18-22-də Meksikanın Monterrey şəhərində keçiriləcəkdir.