SİYASƏT
BMT-NİN GÜCLƏNDİRİLMƏSİ GÜNÜN ƏN VACİB MƏSƏLƏSİDİR
Milli Məclisin deputatı Bəxtiyar Əliyev yığıncağın gedişi barədə AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir. Deputat demişdir:
-Məsələnin müzakirəsi zamanı deputatların diqqətini belə bir məsələyə yönəltdik ki, BMT vaxtilə Ermənistan silahlı qüvvələri müstəqil Azərbaycan dövlətinin ərazilərini işğal edərkən bununla bağlı bir neçə qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə təcavüzkar dövlətin ölkəmizə qarşı apardığı siyasətə son qoyması və işğalçı qoşunların zəbt etdikləri ərazilərimizdən dərhal çıxmaları tələb olunmuşdur. Ancaq bu tələblər indi də kağız üzərində qalıb. Belə münasibət insanlarda BMT-yə, xüsusilə onun Təhlükəsizlik Şurasına inamı azaldır. Dövlətlərdə belə bir fikir yaranıb ki, ümumiyyətlə, BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymadan bu və ya digər ölkəyə qarşı təcavüz həyata keçirmək olar.
Yığıncaqda belə bir fikir oyatmağa çalışdıq ki, bu cür münasibətə nə vaxta qədər göz yummaq olar? Avropa Şurası, Avropa İttifaqı nə üçün bu məsələni araşdırmır və qəti sözünü demir? Axı, belə etinasızlıq hər hansı ölkədə yeni qaynar nöqtənin əmələ gəlməsinə səbəb olur. Avropalı deputatların məsələyə öz münasibətlərini bildirmələrinin vaxtı artıq çatmışdır. Yığıncaqda belə bir təklif irəli sürdük ki, BMT qətnamələrinin icra olunmasına nəzarət edəcək qurumun yaradılması zamanın ən mühüm məsələlərindən biridir. Bu qurumun nəzdində deputat palatasının təşkili ideyası da tədbirdə səsləndi. Daha sonra Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin yerinə yetirilməsinə ciddi nəzarət edəcək qurumun yaradılmasının xüsusi icra mexanizminin işlənib hazırlanmasının vacibliyi qeyd edildi və onun nüfuzunun gücləndirilməsinin əhəmiyyəti vurğulandı. Yığıncaqda çıxış edən deputatlar Azərbaycanın bu mövqeyini dəstəklədilər.
Məsələ ilə bağlı qətnamə qəbul edilmiş və azərbaycanlı deputatın fikri həmin qətnamədə öz əksini tapmışdır.