SİYASƏT
BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİNİN SƏLAHİYYƏT MÜDDƏTİ BAŞA ÇATMIŞDIR
Martın 17-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Didye Leylə onun ölkəmizdə fəaliyyət müddətinin başa çatması münasibətilə görüşmüşdür.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Vilayət Quliyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirmiş, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş qaçqınlar üçün nəzərdə tutulmuş humanitar yardım proqramlarının həyata keçirilməsində Didye Leyin rolunu xüsusi dəyərləndirmişdir. Nazir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən bu kimi proqramların qaçqınların maddi və mənəvi dayağının tərkib hissəsi olduğunu önə çəkmişdir.
Azərbaycan ilə BMT arasındakı əməkdaşlığın genişlənməsinə yüksək dəyər verən Didye Ley Ali Komissarlıq tərəfindən bundan sonra da qaçqınlar üçün nəzərdə tutulacaq humanitar proqramların həyata keçməsi üçün maksimum səylərin göstəriləcəyini bildirmişdir. Didye Ley həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə həll olunacağına ümid etdiyini vurğulamışdır.
Axırda Vilayət Quliyev bundan sonrakı fəaliyyətində Didye Leyə uğurlar arzulamışdır.