ELM VƏ TƏHSİL
BMT-NİN UŞAQ FONDU QİÇS-LƏ MÜBARİZƏ APARIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BMT-nin Uşaq Fondu (YUNİSEF) QİÇS qurbanı olan uşaqlara qlobal yardım kampaniyasına başlamışdır. YUNİSEF-in məlumatına görə, İÇV infeksiyası üzündən dünyada hər dəqiqə 1 uşaq tələf olur, lakin bu infeksiyaya yoluxmuş uşaqların yalnız 5 faizi tibbi yardım alır. 15 milyon uşaq QİÇS xəstəsi olan azı bir valideynini itirmişdir, lakin bu cür yetimlərin yalnız onda bir hissəsi cəmiyyətdən yardım alır.
YUNİSEF-in kampaniyası QİÇS epidemiyasının yayıla biləcəyi regionlarda - Afrikada, Şərqi Avropa və Mərkəzi Asiyada daha fəal keçiriləcəkdir. Nyu-Yorkda başlanacaq kampaniyada Britaniya aktyoru, Ceyms Bond rolunun ifaçısı Rocer Mur da iştirak edəcəkdir. O, hazırda YUNİSEF-in xüsusi səfiridir.
YUNİSEF-in məlumatına görə, Şərqi Avropa və Mərkəzi Asiyada İÇV-yə yoluxanların 80 faizi yaşı 30-dan az olan insanlardır və infeksiya bu regionlarda daha sürətlə yayılır. Beynəlxalq kampaniyanın təşkilatçıları öz səylərini infeksiyanın anadan uşağa keçməsinin qarşısının alınmasında, habelə QİÇS-dən necə qorunmağın gənclərə izah edilməsi üzərində cəmləşdirirlər.