DÜNYA
BMT TƏHLÜKƏSİZLİK ŞURASININ YAXIN ŞƏRQƏ DAİR FÖVQƏLADƏ İCLASI
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, aprelin 20-də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında ərəb ölkələrinin xahişi ilə Yaxın Şərqdəki vəziyyət və İsrailin son hərbi əməliyyatı – HƏMAS təşkilatının lideri Əbdül Əziz ər-Rantisinin qətlə yetirilməsi məsələsi müzakirə olunmuşdur. Xatırladaq ki, bu qətli 40-dan çox ölkə pisləmişdir.
Əlcəzairin BMT-dəki səfiri Abdulla Bəəli demişdir ki, bütün ərəb dünyasında olduğu kimi Fələstin muxtariyyətində də ümidsizlik hökm sürür. Onun sözlərinə görə, BMT tədbir görməsə, vəziyyət nəzarətdən çıxacaqdır. Fələstin Milli Muxtariyyətinin nümayəndəsi Nasir əl-Kidva isə bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası şeyx Yasinin qətlinə görə İsraili pisləyən qətnaməni vaxtında qəbul etmədiyi üçün rəsmi Təl-Əviv özünü qanundan üstün tutmaqda və cinayətlər törətməkdədir.
İsrailin BMT-dəki səfiri çıxışında demişdir ki, HƏMASIN təqibləri davam edəcəkdir, çünki muxtariyyət ekstremistlərlə mübarizə aparmır.