DÜNYA
BMT Təhlükəsizlik Şurası Quterreşin ikinci müddətə bu təşkilatın Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib
Bakı, 9 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Antonio Quterreşin ikinci beş illik müddətə - 2022-ci ilin yanvarından 2026-cı il dekabrın 31-dək BMT-nin Baş katibi vəzifəsinə təyin olunmasını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına tövsiyə edib. Bu barədə qətnamə yekdilliklə qəbul edilib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Baş Assambleyada səsvermənin iyunun 18-də keçirilməsi planlaşdırılır.
Antonio Quterreş BMT-nin Baş katibi vəzifəsində fəaliyyətə 2017-ci il yanvarın 1-də başlayıb. Bundan əvvəl 2016-cı il oktyabrın 13-də BMT-nin Baş Assambleyası Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən Quterreşin Portuqaliyadan irəli sürülmüş namizədliyini təsdiq etmişdi.
Xatırladaq ki, Antonio Quterreş 10 il (2005-2015-ci illərdə) BMT-nin Qaçqınlar məsələsi üzrə Ali Komissarı vəzifəsində çalışıb. 1949-cu il aprelin 30-da Lissabonda anadan olmuş Quterreş ali texniki məktəbdə mühəndis işini və fizikanı öyrənib, ali məktəbdə müəllim işləyib. 1974-cü ildə Sosialist Partiyasına daxil olub. Bu partiyanın Baş katibi vəzifəsinə seçiləndən üç il sonra, 1995-ci ildə Portuqaliyanın Baş naziri olub.
BMT Təhlükəsizlik Şurasında Quterreşin sələfi Cənubi Koreya nümayəndəsi, BMT-nin 8-ci Baş katibi Pan Gi Min olub. Pan Gi Min həmin vəzifədə Qana nümayəndəsi Kofi Annanı əvəz etmişdi. Daha əvvəl bu vəzifəni Butros Butros-Qali (1992-1996), Havyer Peres de Kuelyar (1982-1991), Kurt Valdhaym (1972-1981), U Tan (1961-1971), Daq Hammarşeld (1953-1961) və Tryuqve Li (1946-1952) tutub.
BMT-nin bütün tarixi ərzində katibliyə dörd dəfə Qərbi Avropa nümayəndəsi, Afrika və Asiyanın hərəsindən iki nümayəndə və Latın Amerikasının bir nümayəndəsi başçılıq edib.
BMT Nizamnaməsinə görə, Baş katib bu təşkilatın ali inzibati vəzifəli şəxsidir. O, Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən Baş Assambleya tərəfindən təyin edilir. Bu prosesdə ən çətin vəzifə Təhlükəsizlik Şurasının üzərinə düşür. Burada gələcək Baş katibin namizədliyini ən azı 9 üzv, o cümlədən Şuranın bütün daimi üzvləri dəstəkləməlidirlər.
BMT-nin Baş katibi Quterreş Təhlükəsizlik Şurasının üzvlərinə təşəkkür edərək ümidvar olduğunu bildirib ki, Baş Assambleya da yeni beş illik müddətdə bu təşkilata rəhbərlik edilməsini ona etibar edəcək.