CƏMİYYƏT


BMT-də Gigiyena və Sanitariya Fondu yaradılıb

Bakı, 18 noyabr, AZƏRTAC

Gigiyena və Sanitariya Fondunun yaradılması əhalinin sağlamlığının qorunması layihələrinə milyardlarla dollar məbləğində vəsait cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb edəcək.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bunu BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd bəyan edib.

Yeni maliyyə mexanizminin işə salınması mərasimində çıxış edən Əminə Məhəmməd vurğulayıb ki, əhalinin sağlamlığı və onun həyat səviyyəsi sanitariyanın vəziyyətindən birbaşa asılıdır. O, daha sonra qeyd edib ki, COVID-19 pandemiyası dövründə infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasında gigiyenanın mühüm rol oynaması daha aşkar şəkildə özünü göstərib. Pandemiya şəraitində insanların sanitariya xidmətlərindən istifadə imkanlarının son dərəcə qeyri-bərabər olması əyani şəkildə görünüb.

Yaxın 5 ildə bu yeni fonda 2 milyard ABŞ dolları daxil olmalıdır. Bu vəsait insanların su, tualet və qızlar üçün gigiyena vasitələrindən istifadə etmək imkanının təmin edilməsi layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək.

UNICEF-in icraçı direktoru Henriyetta For bildirib ki, sanitariya və gigiyena vasitələri olmadan uşaqların salamatlığını təmin etmək və onların hüquqlarını reallaşdırmaq mümkün deyil.

“Əgər sizin evinizdə tualet yoxdursa, pandemiya dövründə təcrid olunmanı və gigiyenanı necə təmin etmək olar?”, - deyən UNICEF başçısı daha sonra əlavə edib ki, evlərdə, məktəblərdə və xəstəxanalarda sanitariya və gigiyena vasitələrinin əlçatan olması zəruridir. Onun sözlərinə görə, bu, bütün dünya üçün çox böyük dividendlər gətirəcək.

Sanitariya və Gigiyena Fondu BMT-nin layihələrə xidmət idarəsinin himayəsi altında təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.