DÜNYA


BMT ədalətli dünya uğrunda mübarizə aparacaq

Bakı, 5 fevral, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2030-cu ilədək dayanıqlı inkişaf üzrə proqramında əsas vəzifələrdən biri də insanlar və ölkələr arasında bərabərsizliyin aradan qaldırılması və ədalətli dünya qurulmasıdır.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Davos Dünya İqtisadi Forumunda çıxış edən təşkilatın baş katibi Antonio Quterreş texnoloji tərəqqi və qloballaşma prosesinin bir çox sahələrdə “fantastik inkişafa” səbəb olduğunu, lakin eyni zamanda bərabərsizliyin güclənməsinə və milyonlarla insanın marginallaşmasına gətirib çıxardığını söyləyib.

BMT-nin “Global Compact” (“Qlobal müqavilə”) təşəbbüsünün icraçı direktoru Liz Kinqonun məktubunda qeyd olunur ki, 2018-ci ildə kiçik bir qrupun hədsiz səviyyədə varlanması, milyardlarla insanın isə yoxsulluq həddində yaşaması prosesi daha da dərinləşib.

BMT-nin Ticarət və İnkişaf Agentliyinin (UNCTAD) qloballaşma üzrə eksperti Riçard Kozul-Vraytın hazırladığı hesabata görə, dünyada artan bərabərsizlik artıq təhlükəli həddə çatıb. Onun sözlərinə görə, 2019-cu il üçün Dünyada İqtisadi Vəziyyət və Perspektivlər (WESP) adlı hesabatda ölkələr və insanlar arasında qeyri-bərabərliyin artmasına dair rəqəmlər göstərilib. Beynəlxalq Əmək Təşkilatı (ILO) da bu sahədə tədqiqatlar aparıb. Məlum olub ki, texnologiyaların inkişafı az sayda insanın daha da varlanmasına, böyük kütlənin isə yoxsullaşmasına səbəb olur. Belə ki, əldə olunan vəsait yeni iş yerlərinin yaradılmasına deyil, daha az işçi gücü ilə daha çox sərvət qazanılmasına yönəldilir. Məsələn, texnologiyanın əsas nailiyyətlərindən biri olan süni intellekt “tezliklə bütün sahələrdə köklü dəyişikliklərə səbəb olacaq”. Bu inqilabi dəyişikliklər həm də işsizliyin artmasına gətirib çıxaracaq.

BMT-nin Gənc Liderlər Dayanıqlı İnkişaf Naminə təşkilatının nümayəndəsi Kriti Şarma isə bu hesabatla razılaşmır. Onun sözlərinə görə, süni intellekt insanlar, xüsusilə gənclər arasında fəaliyyət sahələrini genişləndirəcək və yeni iş yerləri yaradılacaq. Şarma əlavə edib ki, informasiya texnologiyalarının zəif inkişaf etdiyi ölkələrin əhalisi bu məsələdə çətinlik çəkəcəklər. “Bu səbəbdən həmin ölkələrdə rəqəmsal texnologiyaların tətbiqi və insanların yüksək səviyyədə təhsil alması BMT və yerli hökumətlərin diqqət mərkəzində olmalıdır”, -deyə Şarma vurğulayıb.

K.Şarma insanlar və ölkələr arasında bərabərsizliyi aradan qaldırmaq üçün süni intellektdən istifadənin üç yolunu göstərib. Birincisi, bu texnologiyanı tətbiq edənlər konkret ölkənin cəmiyyətinin və burada aparılan siyasətin xüsusiyyətlərini bilməlidir. İkincisi, süni intellektin doğru məqsədlərə - energetika, tədqiqatlar üzrə istifadəsinə diqqət yetirilməlidir. Üçüncüsü isə, bu sahədə beynəlxalq standartlar razılaşdırılmalı, süni intellektin təhlükəsizlik və etika çərçivəsində istifadəsinə tam əmin olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.