DÜNYA


BMT internet saytlarında “nifrət sunamisi”nə son qoymağa çağırıb

Bakı, 27 iyun, AZƏRTAC

2018-ci ildə antisemitizm zəminində insidentlərin sayı əvvəlki illə müqayisədə 134 faiz artıb. Bunu BMT-nin Baş Assambleyasının rəqəmsal texnologiyalar əsrində kin və nifrət probleminə həsr olunmuş tədbirində çıxış edən təşkilatın baş katibi Antonio Quterreş bəyan edib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Antonio Quterreş irqçiliyin bürün təzahürlərinə qarşı mübarizə aparmaq üçün ölkələrin səylərini birləşdirməyə çağırıb. Onun sözlərinə görə, bəşəriyyətin ən böyük faciələrindən biri olan Holokost məhz Avropanın mərkəzində törədilib. Baş katib əlavə edib: “Hitler məğlub olub, amma antisemitizm davam edir. Onun yox edilməsinə hələ çox var. Avropa ölkələri və ABŞ-da sinaqoqlara, habelə məscid və kilsələrə edilən hücumlar ksenofobiya meyillərinin güclü olduğunu göstərir”.

Bundan əvvəl BMT-nin baş katibi kin və nifrətin qarşısını almaq üçün yeni Plan və strategiyanın hazırlandığını elan edib. Bu təşəbbüsün məqsədi təşkilatın bütün strukturlarını irqçilik, ksenofobiya, ayrı-seçkilik və dözümsüzlüyün digər təzahürlərinə qarşı mübarizəyə səfərbər etmək olub. A.Quterreş bildirib ki, bu mübarizə söz azadlığının pozulması deyil, əsas məqsəd beynəlxalq hüquq normaları ilə qadağan edilmiş zorakılıq, kin və nifrət hallarının qarşısını almaqdan ibarətdir. O, bu kontekstdə bəzi sosial şəbəkə istifadəçilərinin mənfi fəaliyyətini qeyd edib və vurğulayıb ki, onlar cəzasızlıq şəraitində ksenofobiya və irqçilik təbliğatı aparırlar. Baş katibin sözlərinə görə, bunun qarşısını almaq üçün təşkilat tərəfindən rəqəmsal əməkdaşlıq üzrə xüsusi qrup yaradılıb və bu strukturun üzvləri öz təkliflərini təqdim ediblər.

Tədbirdə çıxış edən Baş Assambleyanın sədri Mariya Fernanda Espinosa Avropada və dünyanın digər regionlarında antisemitizmlə bağlı rəqəmləri açıqlayıb. O əlavə edib ki, keçmişdə yaşanmış faciələrin təkrar olunmasına yol vermək olmaz və bunun üçün insanların maarifləndirilməsi, ekstremistlərə qarşı mübarizənin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Mariya Fernanda Espinosa deyib: “Bu cür halların qarşısını almaq üçün internetdə kin və nifrət məzmunlu yazıları izləmək lazımdır. Avropa Yəhudi Konqresinin məlumatına görə, hər gün sosial şəbəkələrdə Holokostu inkar edən yüzlərlə qeydlər yerləşdirilir”. O, faşist düşərgəsinin məhbusu Eli Vuzelin sözlərini sitat gətirib: “Sevginin əksi nifrət və biganəlikdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.