CƏMİYYƏT


BMT müəssisələri COVID-19-a qarşı vaksinlərin bölgüsünə və çatdırılmasına başlayır

Bakı, 23 yanvar, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən məlumata görə, “Pfizer-BioNTech” və “AstraZeneca/Oxford” şirkətlərinin COVID-19-a qarşı istehsal etdiyi vaksinlərin alınması və bu məhsulların çatdırılması barədə razılıq əldə edilib. Beləliklə, ümid etməyə əsas var ki, bu ilin sonuna qədər COVAX layihəsi çərçivəsində bütün dünya üzrə 2 milyard doza, o cümlədən gəlir səviyyəsi aşağı olan ölkələrə 1,3 milyard doza vaksin çatdırmaq mümkün olacaq.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Qebreyesus bunu Cenevrədə keçirilən brifinqdə elan edib.

Məlum olub ki, cari ilin birinci rübündə “AstraZeneca/Oxford” Eksperimental vaksininin 150 milyon dozası da əlçatan olacaq. Hazırda ÜST bu preparatın fövqəladə şəraitdə tətbiq edilməsi üçün onun sertifikatlaşdırılması üzərində işləyir.

“Pfizer” şirkətinin rəhbəri, həmin brifinqdə iştirak edən Albert Burla bildirib ki, preparatın 40 milyon dozası COVAX layihəsi çərçivəsində maya dəyəri üzrə satılacaq. Onun sözlərinə görə, gələcəkdə bu vaksinin əlavə dozalarının da satılması nəzərdə tutulur.

Doktor Tedros Qebreyesusun sözlərinə görə, COVAX layihəsinə qoşulmuş 190 ölkənin hamısı bu ayın sonuna qədər onlara hansı vaksinlərin göndəriləcəyi barədə məlumat alacaqlar. Bu, hökumətlərin öz əhalisini vaksinləşdirmə strategiyası yaratmasına və bu prosesin birinci mərhələsinə hazırlaşmağa imkan verəcək. ÜST yanvar ayında “Ölkələrin hazırlığı portalı”nı işə salmağı planlaşdırır. Bu portalda hər bir iştirakçı ölkə öz milli planını yerləşdirə biləcək.

Vaksinlərin bölgüsü məsələsində BMT-nin Uşaq Fondu (UNICEF) mühüm rol oynayacaq. Fondun rəhbəri Henriyetta For bildirib ki, planetin əhalisinin ən həssas qruplarının vaksinləşdirilməsi yolunda birinci addım COVAX ilə “Pfizer” şirkəti arasında razılaşmadır. O deyib: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, dünyanın heç bir ölkəsi COVID-19-a qarşı vaksinsiz qalmasın. Biz bu məqsədə bir addım yaxınlaşmışıq”.

Henriyetta Forun sözlərinə görə, hazırda UNICEF keçən ilin noyabr ayında elan edilmiş tender çərçivəsində vaksin istehsalçılarının təqdim etdiyi sifarişləri öyrənir. Lakin UNICEF təkcə vaksinlərin alışı ilə deyil, həm də onların bütün dünyada çatdırılması məsələləri ilə məşğul olur. Bu, heç də asan məsələ deyil, çünki preparatlar aşağı temperaturda saxlanmalıdır. Uşaq Fondunun mütəxəssisləri zəruri avadanlığın çatdırılmasını təmin edir, işçi heyətlə təlim keçirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.