SİYASƏT


BMT nəşrində ölkəmizin beynəlxalq kampaniyadakı təcrübəsindən bəhs olunub

Bakı, 17 sentyabr, AZƏRTAC

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin bu il çapdan çıxan “Dayanıqlı İnkişaf naminə Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqda Qabaqcıl Təcrübələr” nəşrində ölkəmizin İslam İnkişaf Bankı (İİB) ilə strateji tərəfdaşlıq əsasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (Alliance to Fight Avoidable Blindness - AFAB) kampaniyasındakı təcrübəsini əks etdirən məqalə dərc olunub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, AFAB kampaniyası 2012-ci ildən etibarən Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) iştirakı ilə həyata keçirilir. Kampaniyanın 2012-2016-cı illəri əhatə etmiş birinci mərhələsi ərzində bir sıra Afrika ölkələrində, o cümlədən Burkina-Faso, Çad, Qəmər adaları, Kot-d’İvuar, Cibuti, Qvineya-Bissau, Mozambik, Mali, Mavritaniya, Niger, Somali və Toqoda ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilib, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilən katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşub. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilib. AIDA-nın təşəbbüsü əsasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri də sözügedən kampaniyaya cəlb olunublar.

2018-ci ildən AFAB kampaniyasının ikinci mərhələsi başlayıb. 2019-cu il ərzində Burkina-Faso, Çad, Qəmər adaları, Qvineya-Bissau, Mali, Niger və Toqoda 20 mindən artıq insanın gözü müayinə edilib, 8 min insan göz əməliyyatları ilə təmin olunub, 26 yerli həkimə isə peşəkar təlim keçilib. 2018-2022-ci illəri əhatə edən ikinci mərhələ ərzində 100 mindən artıq göz əməliyyatının həyata keçirilməsi, 1 milyon məktəblinin gözünün müayinə edilməsi və eynəklə təmin olunması, 90 yerli həkimin ixtisasartırma kurslarında iştirak etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency – AIDA) 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi, xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.