CƏMİYYƏT


BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Alanna Armitage ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsi ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Hicran Hüseynova Alanna Armitageni Fondun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. “BMT-nin Əhali Fondu ilə Azərbaycanın dövlət qurumları, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında fəal əməkdaşlıq mövcuddur. Biz artıq bir-birimizi güclü tərəfdaş hesab edirik. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə qadınların hüquqlarının müdafiəsinə, hüquqi bazanın möhkəmləndirilməsinə, qadın sahibkarlığının inkişafına böyük diqqət göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəal iştiraka marağı artıb. Mehriban xanımın təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan işlər xüsusilə qeyd olunmalıdır. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında" Qanunun qəbul olunmasında Mehriban xanımın böyük rolu olub”, - deyə Hicran Hüseynova bildirib.

Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Hicran Hüseynova ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirib. Qeyd edib ki, onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox önəmlidir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. Onların problemləri daim ölkə rəhbərliyinin diqqətindədir.

Hicran Hüseynova bildirib ki, Azərbaycanda BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Bugünkü görüşün əsas məqsədi də bu əməkdaşlığın səviyyəsinin daha da yüksək səviyyəyə çatdırılmasıdır.

Azərbaycanda olmaqdan məmnunluq ifadə edən BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Alanna Armitage həyata keçirilən layihələrin çox müsbət nəticələr verdiyini qeyd edib. O, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb.

Alanna Armitage qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması üzrə birgə layihələrin reallaşdırılmasında maraqlı olduğunu bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.