SİYASƏT
BMT-nin Əhali Fondu ilə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 7 may (AZƏRTAC. Xatirə Cəfərova). Mayın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda səfərdə olan BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heymo Laakomen ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Hicran Hüseynova Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətindən danışmış, bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır.
Ölkəmizdə gender siyasətinin həyata keçirilməsi istiqamətində qazanılan uğurlardan söz açan komitə sədri əminliklə bildirmişdir ki, BMT-nin Azərbaycanda fəaliyyət göstərən bütün strukturları ilə əməkdaşlıq hər iki tərəf üçün daha da faydalı olacaqdır.
H.Hüseynova Azərbaycanın bu sahədə uğurlu təcrübəsinin digər ölkələr üçün maraqlı olduğunu bildirmişdir.
UNFPA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən qonaq gələcək fəaliyyət istiqamətlərindən danışmışdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.