CƏMİYYƏT
BMT-nin Ətraf Mühit üzrə Assambleyasının növbəti iclası keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Ənənəvi olaraq hər iki ildən bir keçirilən BMT-nin Ətraf Mühit üzrə Assambleyasının budəfəki onlayn sessiyası “Postpandemiya dövründə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət üzrə fəaliyyətlərin gücləndirilməsi” mövzusuna həsr edilib.
Tədbirdə BMT-yə üzv dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirləri iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Assambleyada Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüş iştirakçılarına ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər və pandemiyanın qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verib. Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər və görüləcək bərpa işləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.