CƏMİYYƏT


BMT-nin Baş Assambleyası təmiz və sağlam ətraf mühitə çıxışı universal insan hüququ elan edib

Bakı, 29 iyul, AZƏRTAC

BMT-nin Baş Assambleyası təmiz, sağlam və davamlı ətraf mühitə çıxışı universal insan hüququ olduğunu bəyan edən tarixi qətnaməni qəbul edib. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, sənədi 161 ölkə dəstəkləyib.

Baş Assambleyanın qətnaməsi İnsan Hüquqları Şurasının ötən il qəbul etdiyi mətnə əsaslanır. O, dövlətləri, beynəlxalq təşkilatları və müəssisələri planetin bütün sakinləri üçün sağlam ətraf mühiti təmin etmək üçün səylərini gücləndirməyə çağırır.

BMT-nin Baş katibi Antonio Quterreş BA-nın tarixi qətnaməsini alqışlayıb. Onun fikrincə, bu əlamətdar hadisə onu nümayiş etdirir ki, üzv dövlətlər üçlü böhran: iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsinə qarşı birgə mübarizə aparmaq üçün bir araya gələ bilirlər.

"Qətnamə ətraf mühitin qorunmasında boşluqların aradan qaldırılmasına kömək edəcək və insanların, o cümlədən ətraf mühitin mühafizəsi üzrə insan haqları müdafiəçiləri, uşaqlar, gənclər, qadınlar və yerli xalqların nümayəndələrinin imkanlarını genişləndirəcək", - BMT-nin Baş katibinin mətbuat xidməti tərəfindən yayılan Antonio Quterreşin bəyanatında deyilir.

A.Quterreş əlavə edib ki, Baş Assambleyanın qətnaməsi dövlətlərə ətraf mühitin mühafizəsi və insan haqları sahəsində öhdəliklərinin icrasını sürətləndirməyə kömək edəcək. BMT rəhbəri qətnamənin qəbulunun “yalnız başlanğıc” olduğunu vurğulayıb və ölkələri təmiz, sağlam və davamlı ətraf mühitə çıxış hüququnu “hər kəs üçün və hər yerdə reallığa çevirməyə” çağırıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet BA-nın qətnaməsini alqışlayaraq, Baş katibin ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş təcili tədbirlər görməyə çağırışını təkrarlayıb.

İlkin olaraq Kosta Rika, Maldiv adaları, Mərakeş, Sloveniya və İsveçrənin ötən ilin iyununda təqdim etdiyi qətnamənin mətnində deyilir ki, sağlam ətraf mühit hüququ mövcud beynəlxalq hüquqa sıx bağlıdır. İqlim dəyişikliyinin mənfi təsiri, təbii sərvətlərdən məqsədyönlü istifadə edilməməsi, havanın, torpağın və suyun çirklənməsi və bununla bağlı biomüxtəlifliyin itirilməsi təmiz ətraf mühit hüququnun həyata keçirilməsinə mane olur. Öz növbəsində ətraf mühitə vurulan zərər bütün insan hüquqlarından səmərəli istifadə üçün həm birbaşa, həm də dolayı mənfi nəticələrə gətirib çıxarır.

BMT-nin İnsan Hüquqları və Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi Devid Boydun sözlərinə görə, Baş Assambleyanın qətnaməsi beynəlxalq hüququn insan hüquqları sahəsində mahiyyətini dəyişəcək.

"Hökumətlər onilliklər ərzində ətraf mühiti təmizləməyi və fövqəladə iqlim vəziyyəti ilə mübarizə aparmağı vəd edirdilər, lakin sağlam ətraf mühitə qanunla təsbit edilmiş hüququn mövcudluğu vəziyyəti kökündən dəyişir: hökumətdən ekoloji yardımlar üçün "yalvarış" tələblərlə əvəz olunacaq", - deyə xüsusi məruzəçi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.