DÜNYA


BMT-nin Baş katibi Beynəlxalq Demokratiya Günü münasibətilə müraciət yayıb

Bakı, 15 sentyabr, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreşin hər il sentyabrın 15-də qeyd olunan Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb.

Bu barədə AZƏRTAC-a BMT-nin Bakı ofisindən məlumat verilib.

Müraciətdə deyilir ki, dünya koronavirus (COVID-19) pandemiyası və onun dağıdıcı fəsadlarını aradan qaldırmağa çalışdığı dövrdə gələcək böhranlar qarşısında demokratik dayanıqlılığı gücləndirmək üçün son 18 ay ərzində üzləşdiyimiz çətinliklərdən dərs almalıyıq. Bu, istər ictimai, səhiyyə, istərsə də ətraf mühit və yaxud maliyyə sahələrində baş verə biləcək fövqəladə vəziyyətlər zamanı yaxşı idarəetmə təcrübələrinin müəyyən edilməsi və hazırlanması deməkdir.

Qeyd edilir ki, demokratiyanı gücləndirmək həm də ənənəvi olaraq xaric edilmiş insanlara və icmalara həqiqi bir səs vermək, həm də dinc etirazlar da daxil olmaqla, qərar qəbuletmə prosesində həqiqi iştirakın vacibliyini mənimsəmək deməkdir. Qadınların, dini və etnik azlıqların, yerli icmaların, əlillərin, hüquq müdafiəçilərinin və jurnalistlərin susdurulması sağlam cəmiyyətlərin yaradılmasında ən böyük maneədir. Vətəndaş cəmiyyəti olmadığı təqdirdə, nəinki demokratiyanın inkişafı, hətta mövcudluğu belə mümkünsüzdür.

Müraciətdə, həmçinin diqqətə çatdırılır ki, koronavirus (COVID-19) pandemiyasının alovlandığı dövrdə hər bir böhran demokratiya üçün təhlükə yaradır. Çünki insanların, xüsusən də ən həssas əhali qruplarına aid olanların hüquqları bir çox hallarda qorunmur. Bu səbəbdən, böhran dövründə hüquqların qorunması insan haqları üçün fəaliyyətə çağırışın əsas elementidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.