CƏMİYYƏT
BMT-nin Baş katibi: Biz həyat üçün yaramayacaq dünyaya doğru rəhmsizcəsinə irəliləyirik
Bakı, 5 aprel, AZƏRTAC
“Məhkəmə iclasçıları öz hökmünü verdi. Bu hökm ittihamedicidir”. BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişməsi üzrə Hökumətlərarası ekspertlər qrupunun üçüncü məruzəsinin təqdimatına həsr olunmuş videomüraciətinə bu sözlərlə başlayıb.
AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
Baş katib deyib: “Məruzədə iqlim istiləşməsi ilə mübarizə sahəsində yerinə yetirilməyən vədlər ətraflı sadalanır. Bu sənəd xəcalət hissi əmələ gətirir. Axı biz bundan əvvəl üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməməsi səbəbindən həyat üçün yaramayacaq dünyaya doğru rəhmsizcəsinə irəliləyirik”.
BMT Baş katibinin sözlərinə görə, bəşəriyyət iqlim fəlakətinə sürətlə yaxınlaşır: bütöv şəhərlər suyun altına gedir; planetin bir çox regionlarının sakinləri misli görünməyən istilərdən və şiddətli qasırğalardan əziyyət çəkir; içməli su çatışmazlığı kəskin şəkildə hiss olunur; milyonlarla bitki və heyvan növü məhv olur.
“Bunlar uydurma və mübaliğə deyil. Bu, hazırkı enerji siyasətinin nəyə apardığını göstərir. Biz qlobal istiləşmə yolundayıq. Bu istiləşmə Parisdə razılaşdırılan ən son 1,5 dərəcə Selsi göstəricini iki dəfədən çox üstələyir. Bəzi dövlət xadimləri və biznesmenlər dediklərinin əksini edir. Bir sözlə, onlar yalan danışır. Bu yalanın nəticəsi faciəli olacaq”, - deyə A.Quterreş vurğulayıb.
Bu məruzəni hazırlayan iqlimşünaslar xəbərdar edirlər ki, bəşəriyyət dönüş anlarının təhlükəli yaxınlığında yerləşir. Bu dönüş anlarının ardınca bərpa olunmaz iqlim nəticələri gəlir. Baş katib daha sonra deyib: “Tullantıların yüksək səviyyəsinin mövcud olduğu hökumətlər və şirkətlər buna nəinki göz yumur, onlar hətta odun üzərinə yağ tökürlər. Onlar ani tamahkar maraqları naminə planetimizi boğurlar. Bərpaolunan enerji əsasında daha ucuz başa gələn qərarların həm məşğulluğu, həm enerji təhlükəsizliyini, həm də sabit qiymət formalaşmasını təmin edə biləcəyi bir vaxtda onlar mədən yanacağına sərmayə yatırmağı inadla davam etdirirlər”.
Məruzədə hər sahə üzrə islahatların həyat qabiliyyəti və maliyyə cəhətdən əsaslandırılmış variantları izah edilir. Bu islahatlar sayəsində istiləşmənin 1,5 dərəcə Selsi civarında məhdudlaşdırmaq imkanlarını qoruyub saxlamaq mümkündür.
A.Quterreş deyib: “Hər şeydən əvvəl biz bərpaolunan enerji mənbələrinə üç dəfə daha sürətlə keçməliyik. Bu, sərmayələrin və subsidiyaların mədən yanacağı növlərindən bərpaolunan enerji mənbələrinə yönləndirilməsi, özü də dərhal yönləndirilməsi deməkdir”.
Baş katib hesab edir ki, fəlakətlərdən xilas olmaq üçün hökumətlər tərəfindən təkcə xaricdə deyil, həm də öz ölkələrində kömür hasilatının maliyyələşdirilməsini dayandırmaq lazımdır. İqlimin müdafiəsi üzrə koalisiyalar bazar iqtisadiyyatının formalaşdığı ölkələri “yaşıl” islahatların həyata keçirilməsində dəstəkləməlidirlər. Meşələri və digər ekosistemləri qorumaq, metan tullantılarının azaldılmasında irəliləyişə nail olmaq lazımdır.
“İqlimin müdafiəsi sahəsində vədlər və planlar elə indi real hərəkətə keçməlidir. Planetimizin resurslarının məhv edilməsini dayandırmaq və ətrafımızda olan kifayət qədər bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağın vaxtı gəlib çatıb”, - deyə Antonio Quterreş sonda diqqətə çatdırıb.