DÜNYA


BMT-nin Baş katibi İrana tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırıb

Tehran, 28 iyun, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ı İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın İRNA agentliyi xəbər verib. Baş katib İranın dünya bazarına neft çıxarmasına icazənin verilməsini də istəyib. O ABŞ və İrana müraciət edərək danışıqları bərpa etməyə çağırıb və bu prosesdə razılaşmanın faydalı olacağını bildirib.

Nəzərə çatdıraq ki, iyunun 30-da BMT Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək. Bu iclasda İranın “Nüvə proqramı” məsələsinə baxılacaq.

Xatırladaq ki, 2015-ci ildə İranla ABŞ arasında imzalanan razılaşma BMT tərəfindən təsdiq edilmişdi. Lakin buna baxmayaraq, ABŞ həmin dövrdə birtərəfli qaydada müqavilədən çıxaraq, sanksiyaları nəinki qüvvədə saxladı, həmçinin sanksiyalar siyahısına daxil olan İrana aid şirkət, fiziki və hüquqi şəxslərin adlarını artırdı. Müqaviləyə əsasən, İran nüvə proqramını məhdulaşdıracaq, ABŞ isə bunun müqabilində sanksiyaları aradan qaldıracaqdı.

İran mətbuatı BMT Baş katibinin ABŞ-a müraciətini və məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılmasını rəsmi Tehranın diplomatik qələbəsi kimi təqdim edir. Lakin bu qələbənin nədən ibarət olduğunu açıqlanmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın “Nüvə proqramı” məsələsi dəfələrlə BMT Təhlükəsizlik Şurasında müzakirə olunsa da, heç nə dəyişməyib. ABŞ sanksiyaların tətbiqini, İran isə uranı zənginləşdirməkdə davam edib.

Onu da qeyd etmək lazımdır ki, bu gün İranın xarici işlər nazirinin müavini, ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən Əli Bageri Qətərin paytaxtı Doha şəhərinə gedib. Hazırda o, Dohada ABŞ nümayəndələri ilə danışıqların bərpa olunmasını müzakirə edir. Qətərə yola düşərkən Ə.Bageri jurnalistlərə bildirib ki, danışıqlar bərpa olunacaq.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.