SİYASƏT


BMT-nin Baş katibinin müavini Olqa Alqayerova: Bakı insanlar üçün daha təmiz və gözəl şəhərə çevrilir VİDEO

Cenevrə, 8 aprel, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (AİK) 68-ci sessiyası çərçivəsində aprelin 8-də təşkilatın Cenevrədəki Ofisində Avropa şəhərlərinin rəhbərlərini bir araya gətirən “Şəhərlər günü” keçirilib. Tədbir “Ağıllı dayanıqlı şəhərlər: Dayanıqlı inkişafın aparıcıları” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, həmçinin müxtəlif şəhərlərdə müasir texnologiyalardan istifadə sayəsində görülən quruculuq işlərinə dair sərgi təşkil olunub. Dayanıqlı İnkişafın üç əsas elementi olan iqtisadi inkişaf, sosial inkişaf və ətraf mühitinin qorunması sahələrində Azərbaycanda, o cümlədən paytaxtda həyata keçirilən bir neçə uğurlu nümunəni nümayiş etdirmək məqsədilə Bakı şəhəri bu sərgidə üç əsas layihə ilə iştirak edir. Bunlar ekoloji və iqtisadi elementləri özündə birləşdirən “Ağ Şəhər” və “Təmiz Şəhər” layihələri, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin sosial elementdən ibarət olan layihəsidir.

AİK-in icraçı direktoru, BMT-nin Baş katibinin müavini Olqa Alqayerova Bakı şəhərinin stendini ziyarət edib. Bakıda həyata keçirilən layihələrlə tanış olan O.Alqayerova bu layihələrdən, xüsusilə təmizlik sahəsində görülən işlərdən məmnunluq ifadə edərək deyib: “Bakıda çox olmuşam və deyə bilərəm ki, Bakı inkişaf edir, insanlar üçün daha təmiz və gözəl şəhərə çevrilir. Ətraf mühitin mühafizəsi istiqamətində işlər aparılır. Şəhərin meri ilə nəqliyyat məsələləri barədə danışdıq. Biz BMT-nin yardımı ilə qəzaların, xəsarət alanların və ölənlərin sayını azalda bilərik. Biz enerji səmərəliliyindən danışırıq ki, bu yolla istilik və enerji xərclərini azalda bilək. Bununla yanaşı, biz emissiyaların azalmasına nail ola bilərik. Bakı dəyişən və inkişaf edən şəhərdir. Azərbaycan təmsilçiləri burada ən fəal nümayəndə heyətidir. Bizimlə çox yaxından çalışırlar. Biz yeni layihələr üzərində işləməyə çox şad olacağıq”.

Qeyd edək ki, sərginin rəsmi açılış mərasimi aprelin 9-da keçiriləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.