DÜNYA
BMT-nin Baş katibinin xüsusi elçisi: Pandemiya dövründə 400 milyon insan işsiz qalıb
Qahirə, 11 sentyabr, AZƏRTAC
COVID-19 pandemiyası dövründə bütün dünyada 400 milyon insan öz işini itirib, aclığın səviyyəsi isə iki dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misirin “Ahram” qəzetinə müsahibəsində BMT-nin Baş katibinin maliyyə məsələləri üzrə xüsusi elçisi Mahmud Mohieldin deyib.
O qeyd edib ki, BMT-nin təşəbbüsü ilə sentyabrın 10-da keçirilən Maliyyə nazirlərinin virtual iclasında pandemiyanın ağır maliyyə nəticələri açıqlanıb. Belə ki, cari ilin ilk rübündə qlobal miqyasda borcların ümumi məbləği 258 trilyon dollara (dünya ÜDM-nin 331 faizinə) çatıb.
M.Mohieldin bildirib ki, nazirlər yoxsul ölkələrin borclarının ertələnməsi və ya silinməsi ilə maliyyə bazarlarında sabitliyin təmin edilməsi arasında tarazlığa xüsusi diqqət yetiriblər. Eyni zamanda, iqtisadiyyatların canlanması, xüsusən kiçik və orta sahibkarlığın dirçəldilməsi üçün dəstək göstərilməsi də ən vacib məsələlərdən biridir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə