CƏMİYYƏT
BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi ilə görüş olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu-sosial iqtisadi siyasət barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, cari ildə həyata keçirilən islahatlar çərçivəsində minimum əməkhaqqı və maaşlar, müavinət və təqaüdlər, minimum pensiya artırılıb. Vətəndaşların problemli kreditlərlə bağlı çətinliyi aradan qaldırıldığını bildirən nazir müavini qeyd edib ki, aparılan sosial islahatlar 4,2 milyon nəfərin yaşayışına müsbət təsirini göstərib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, M.Kərimli vətəndaşların məşğulluğunun artırılması sahəsində görülən işlərdən danışıb. Özünüməşğulluq proqramının həyata keçirilməsi barədə məlumat verən nazir müavini əlavə edib ki, görülən tədbirlər nəticəsində vətəndaşların aktiv məşğulluğunun təmin edilməsində mühüm nəticələr əldə olunub.
Nazir müavini DOST Agentliyi barədə məlumat verərək əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatları vurğulayıb.
H.Elver təmsil etdiyi qurum tərəfindən Azərbaycanda sosial sahədə aparılan islahatların diqqət və maraqla izlənildiyini, müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi sahəsində görüləcək işlər müzakirə olunub.