CƏMİYYƏT


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı azərbaycanlı məcburi köçkünlərə eynəklərin paylanmasına başlayıb

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park”da məskunlaşmış məcburi köçkünlər üçün xaricdən ianə olunmuş eynəklərin paylanmasına başlayıb.

BMT-nin Bakıdakı ofisindən AZƏRTAC-a bildirilib ki, ianə olunan eynəklərin sayı 1500 ədəddir və Yaponiyanın “Fuji Optical Ltd” adlı özəl şirkəti tərəfindən Azərbaycana göndərilib. Şirkət BMT QAK-ın mühüm özəl donoru kimi tanınır və məşhur optometrist doktor Akio Kanaiyə məxsusdur.

“Fuji Optical” 2005-2019-cu illər ərzində Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə 15 humanitar missiya həyata keçirib, 60 mindən çox yüksəkkeyfiyyətli eynək ianə etməklə və 33 mindən çox məcburi köçkün, qaçqın, sığınacaq axtaran və həssas durumda olan digər insanların gözlərinin müayinəsini aparmaqla təxminən 3 milyon ABŞ dolları məbləğində vəsait xərcləyib. “Fuji Optical”ın görmə qabiliyyətinə yardım üzrə Azərbaycana növbəti missiyası 2020-ci ilin may ayına planlaşdırılsa da, qlobal COVID-19 pandemiyası səbəbindən bu il yapon optometrist mütəxəssislərin doktor Akio Kanainin rəhbərliyi ilə ənənəvi səfəri təxirə salındı.

“Yaponiyanın “Fuji Optical” şirkətinin humanitar yardımı BMT QAK, Azərbaycan hökuməti və benefisiar icmalar tərəfindən həmişə yüksək qiymətləndirilib”, – deyə qurumun Azərbaycandakı nümayəndəsi Quido Ambroso bildirib. O deyib: “BMT QAK qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin zəruri ehtiyaclarının ödənilməsini təmin etmək və bütün məcburi köçkünlər üçün davamlı həll yollarının tapılmasını asanlaşdırmaq üçün özəl sektor da daxil olmaqla müxtəlif subyektlər tərəfindən yardımların səfərbər edilməsinə və əlaqələndirilməsinə töhfə verməyə davam edir. Bu baxımdan, Yaponiyanın “Fuji Optical” şirkəti tərəfindən göstərilən yardımlar və həyata keçirilən humanitar missiyalar, eləcə də BMT QAK-a nağd pul şəklində ayrılan ianələr təqdirəlayiqdir”.

Qeyd edək ki, 2006-cı ildə doktor Akio Kanaiyə “Nansen - Qaçqın Mükafatı” olaraq verilmiş pul vəsaiti onun tərəfindən ianə şəklində BMT QAK-a bağışlanıb. Bu məbləğ Beyləqan rayonunda müvəqqəti məskunlaşmış Xocavəndin məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə sərf edilib. Bundan əlavə, Yaponiyanın “Yomiuri” qəzeti tərəfindən doktor Akio Kanaiyə verilən 5 milyon yen (təqribən 44 min ABŞ dolları) məbləğində nüfuzlu “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq” mükafatı onun tərəfindən 2018-ci ildə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna bağışlanıb. Fond həmin vəsaiti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdan məcburi köçkünlərin istifadəsi üçün kənd təsərrüfatı texnikasının alınmasına sərf edib.

BM TQAK bütün dünyada qaçqınların himayəsi və onlar üçün həll yollarının tapılması məqsədi ilə yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində beynəlxalq fəaliyyətlərə rəhbərlik etmək və onları koordinasiya etmək səlahiyyətinə malikdir. Qurum Azərbaycanda 1992-ci ilin dekabrından - ölkə kütləvi qaçqın axını problemi ilə üzləşdiyi vaxtdan fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.