CƏMİYYƏT
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ölkəmizdə qaçqınların əmək bazarına çıxış məsələsində irəliləyişi alqışlayır
Bakı, 19 iyun, AZƏRTAC
Dünyanın bir çox ölkəsi misli görünməmiş COVID-19 koronavirus böhranı ilə mübarizəni davam etdirdiyi bir zamanda zorla didərgin salınma halları artmaqdadır. Hazırda bəşəriyyətin bir faizindən çoxuna təsir göstərir ki, bunlar da münaqişələrdən, təqiblərdən və ictimai asayişi ciddi surətdə pozan hadisələrdən qaçmaqdan başqa seçimi olmayan və evlərinə qayıda bilməyən insanlardır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, qlobal miqyasda köçürülməyə məruz qalmış insanların dünya tarixində qeydə alınmış ən yüksək həddə - 79,5 milyona çatdığı bir məqamda Azərbaycan Hökuməti və BMT QAK-ın mandatı altında olan təxminən iki min qaçqın və sığınacaq axtaran şəxs üçün yerli inteqrasiya şəraitinin yaxşılaşdırılması istiqamətində birgə fəaliyyətlərini davam etdirir.
2019-cu ilin dekabrında keçirilən Qlobal Qaçqın Forumunda qaçqınların qanuni məşğulluğunun və əmək bazarına çıxışının asanlaşdırılması Azərbaycan nümayəndə heyəti tərəfindən götürülən mühüm bir öhdəlik və dünya qaçqınları və onlara ev sahibliyi edən ölkələr və icmalarla həmrəyliyin qurulmasında mühüm mərhələ olub. Qlobal Qaçqın Forumundan sonrakı aylarda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öhdəliyin icrasını təmin etmək məqsədilə Əmək Nazirliyi və digər dövlət qurumları ilə iş aparıb. İyunun 20-də qeyd olunan Beynəlxalq Qaçqın Günü ərəfəsində əldə edilən böyük nailiyyət ondan ibarət olub ki, indi Azərbaycanda olan qaçqın və sığınacaq axtaran şəxslər fərdi eyniləşdirmə nömrələri üçün müraciət edə və əmək müqavilələrini qeydiyyata aldıra bilərlər.
“Azərbaycan hökuməti BMT QAK-ın himayəsində olan sığınacaq axtaran şəxslərin və qaçqınların qanuni məşğulluğunu asanlaşdırmaq və qanuni əmək bazarına çıxış imkanlarını yaxşılaşdırmaq üçün mühüm addımlar atıb və Dövlət Miqrasiya Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu yaxınlarda birgə həyata keçirdiyi tədbirlər bu şəxslərin əmək hüquqlarını tam təmin edib”, - deyə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso qeyd edib ki, xoşbəxtlikdən, hökumət bu qaçqınların yalnız qeyri-rəsmi məşğulluğa və humanitar yardımlara güvənmək əvəzinə özlərini təmin etmələrinə və vergi ödəmələrinə imkan verəcək qanuni məşğulluğa çıxış məsələsini həll edir. Bu, inklüzivlik və inteqrasiya yolunda irəliyə doğru böyük bir addım olacaq.
Ötən illərdə səmərəli əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər baş verib. Bu da qaçqınların himayə olunmasında və onlar üçün uzunmüddətli həll yollarının təmin edilməsində hökumətin mühüm rolunu bir daha vurğulayır.