SİYASƏT


BMT-nin Qayıdış Konsepsiyasını sənəd kimi gündəliyə salması Ermənistana ciddi mesaj olmalıdır

BMT-nin Qayıdış Konsepsiyasını sənəd kimi gündəliyə salması Ermənistana ciddi mesaj olmalıdır

Bakı, 29 mart, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması Azərbaycan diplomatiyasının növbəti uğurudur. XX əsr boyu azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, siyasi, mülki və yaşamaq hüquqlarından məhrum olunublar. Monoetnik Ermənistanın beynəlxalq qanunları tapdalaması, hüquqazidd əməllərinə rəvac verən dövlətlərin susqunluğu isə dini və etnik zəminlərdə ayrı-seçkiliyə gətirib çıxarıb. Ermənilər “Qədim Ermənistan” kimi uydurmalar tirajlamaqdan ötrü azərbaycanlıların kütləvi şəkildə deportasiyasına müəyyən “əsaslar” yaratdılar. Uzun illər qaçqın həyatı yaşayan Qərbi Azərbaycandan olan soydaşlarımız Vətən müharibəsindən sonra ümidləndilər. Son dövrlərdə isə Prezident İlham Əliyevin bəyanatları, çıxışlarında səsləndirdiyi fikirlər həmin soydaşlarımızın da uzun illərdən sonra yenidən öz doğma yurdlarına dönmək arzusuna bir işıq oldu. Lakin ermənilər dəyişməyən xislətlərinə sadiq qalaraq bu məsələdə də heç kimi təəccübləndirməyən, özlərinə yaraşan yanaşma ortaya qoyurlar. Ermənistan hakimiyyəti çalışır ki, Qayıdış Konsepsiyasını “Azərbaycanın Ermənistana qarşı təcavüzkar siyasəti” adı altında təqdim etsin. Lakin BMT-nin əsas qurumlarının həmin konsepsiyanı sənəd kimi qəbul etməsi Ermənistana həm tutarlı cavab oldu, həm də onların hiyləgər gedişlərinin qarşısını aldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.

Politoloq bildirib ki, ermənilərin başqalarının hesabına özgə torpaqlarını mənimsəmək, yerli xalqların mədəniyyətinə sahiblənmək və özününküləşdirmək siyasəti getdikcə çılpaqlığı ilə aşkar olunmaqdadır. Ermənilər özlərini uydurduqları saxta tarix və dünyaya sırımaq istədikləri yalanlarla ovudurlar. Özləri də gözəl bilirlər ki, tarixi yalanlar bir müddət dünyanı dolansa da, gec-tez həqiqət səddinə çırpılıb dayanacaq. Ermənistanın hələ də röyalar aləmində yaşadığını, real dünyadan uzaq olduğunu sübuta yetirən əsas amillərdən biri də İkinci Qarabağ müharibəsindən hələ də doğru nəticə çıxarmamasıdır. Hər zaman öz yalanlarına “don” geyindirməyi bacaran, havadarları hesabına daim arzular aləmində səyahət edən bir ölkənin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasına da özünəməxsus şəkildə reaksiya verəcəyi, yalandan haray-həşir salacağı bəlli idi. Lakin özlərinə məxsus “təcavüzkar” adını Azərbaycanın üzərinə yapışdırmaq niyyətləri boşa çıxdı. BMT Qayıdış Konsepsiyasında sülh çağırışlarını və Azərbaycanın səmimi niyyətini gördüyü üçün onu qəbul etdi. Beynəlxalq hüquq normaları çərçivəsində azərbaycanlıların öz torpaqlarına qayıtmaq istəklərini heç bir dövlət, təşkilat əngəlləyə bilməz. Ermənistan Azərbaycan hakimiyyətindən örnək götürməli, Qərbi Azərbaycan İcması ilə təmaslar qurmalıdır.

“Prezident Administrasiyası artıq ikinci dəfədir ki, Qarabağda yaşayan erməniləri Bakıya dəvət edir. Rəsmi Bakı reinteqrasiya prosesinin sürətləndirilməsində və həyata keçməsində maraqlı tərəf kimi çıxış edir. Ermənistan isə Qərbi Azərbaycan İcmasını görməzdən gəlir və onların yaşamaq hüquqlarını belə tanımaqdan boyun qaçırır. Ümumiyyətlə, regionda sülhün təməli qarşılıqlı münasibətlərin faydalı təşkilindən keçir”, - deyə politoloq vurğulayıb.

T.Əliyevin sözlərinə görə, beynəlxalq ali qurumun Qayıdış Konsepsiyasını sənəd olaraq gündəliyə salması Ermənistana ciddi mesaj olmalıdır. Çünki bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. “Qərbi Azərbaycan İcması tərəfindən yanvarın 26-da qəbul edilmiş Konsepsiyada indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtmaları, icmanın fəaliyyət planları və proqramı əksini tapıb. İcmanın ardıcıl tələbləri fonunda Ermənistanın siyasi və hüquqi faktlar qarşısında aciz duruma düşmək ehtimalı artacaq. Qərbi Azərbaycan İcması zor gücü ilə deyil, beynəlxalq təsisatların təhlükəsizlik qarantiyası altında qayıtmağı qarşısına məqsəd qoyub. Bu, onların ayrılmaz və müstəsna hüquqlarıdır. Xüsusi qeyd etmək lazımdır ki, Ermənistanda hələ də azərbaycanlılara qarşı milli və etnik mənsubiyyətə görə ayrı-seçkilik ideologiyası dövlət səviyyəsində davam etdirilir. Bu baxımdan beynəlxalq qurumlar sənədlərin qəbulu zamanı paralel olaraq Ermənistana nifrət siyasətinə son qoymaqla bağlı kəskin xəbərdarlıq etməlidirlər. Hər halda Ermənistan dünyanın gözü qarşısında otuz il işğalçılıq siyasəti yürüdüb və onun tərəfindən mədəni irsin dağıdılması nəticəsində yaranan fəsadlar tam aradan qaldırılmayıb. Birinci Qarabağ müharibəsində və indiki Ermənistan ərazisində etnik azərbaycanlılara qarşı təmizləmə siyasəti aparılıb. Tarixi ədaləti bərpa etməyin ilk addımı baş vermiş cinayətlərin etirafından keçir. Ermənistan bu günə qədər törətdiyi insanlığa sığmayan hərbi cinayətlərə görə Azərbaycandan rəsmi şəkildə üzr istəməyib.

Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, qanunlar dövlətlər qarşısında öhdəliklər mexanizmi yaradır. Heç bir dövlət həmin hüquqi öhdəliklərdən qaça bilməz. Ermənistan hökuməti Qayıdış Konsepsiyası sənədinin icrası prosedurlarına təxirəsalınmaz şəkildə başlasa, regionda sülhün bərqərar olmasına töhfə vermiş olacaq. Əks halda, o, növbəti hüquqi nihilizm üçün şəraitin yaranmasına xidmət göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.