DÜNYA
BMT-nin Qlobal Miqrasiya Paktı Almaniyada partiya qurultayının müzakirəsinə çıxarılacaq
Berlin, 21 noyabr, AZƏRTAC
Almaniyanın səhiyyə naziri Yens Şpan BMT-nin Qlobal Miqrasiya Paktını dekabrın əvvəlində keçiriləcək Xristian Demokratik İttifaqı Partiyasının qurultayında müzakirə etməyi təklif edib.
AZƏRTAC siyasətçinin “Bild am Sonntag” qəzetində dərc olunmuş müsahibəsinə istinadla xəbər verir ki, Şpan qurultayda pakta qoşulub qoşulmamaq məsələsini səsə qoymağı təklif edib. Artıq ABŞ, Avstraliya, Avstriya, Macarıstan, Polşa, Çexiya və Estoniya bu sənədi imzalamayacaqlarını bəyan ediblər.
Maraqlıdır ki, təkcə sağ təmayüllü “Almaniya üçün alternativ” populistləri deyil, həmçinin hakim koalisiyadan olan siyasətçilər də pakta qoşulmaqla bağlı şübhələrini ifadə edirlər.
Xatırladaq ki, dekabrın 10-11-də Mərakeşdə keçiriləcək BMT-nin konfransında təhlükəsiz, mütəşəkkil və idarəolunan miqrasiya ilə bağlı Qlobal Paktın imzalanması nəzərdə tutulur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin