MƏDƏNİYYƏT
BMT-nin Ümumdünya Turizm Təşkilatı postpandemiya dövründə turizmin dirçəlməsi istiqamətində fəaliyyət göstərəcək
Qahirə, 25 avqust, AZƏRTAC
Misirdə səfərdə olan BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili bildirib ki, təşkilat COVID-19 pandemiyası dövründə fəaliyyətini dayandırmış beynəlxalq turizm sektorunun dirçəlməsi istiqamətində fəaliyyət göstərəcək. O, bütün ölkələrdə, o cümlədən Misirdə turizm sektoruna sərmayələrin cəlb olunması üçün yeni layihələrin də həyata keçiriləcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, Baş katib təqribən 320 milyard dollar zərərə uğrayan turizm sektorunun fəaliyyətinin bərpasını ölkələrin iqtisadiyyatı inkişafında mühüm amil kimi xarakterizə edib. Misir Prezidenti Əbdülfəttah əl Sisi, Baş Nazir Mustafa Mədbuli ilə görüşən Z.Pololikaşvili qeyd edib ki, pandemiyanın davam etdiyi bir şəraitdə turizm obyektlərinin yenidən fəaliyyətə başlaması üçün ciddi təhlükəsizlik tədbirləri görülməli, otellərin və tarixi məkanların mütəmadi dezinfeksiyası işləri aparılmalıdır.
Beynəlxalq turizmin Misirin ümumi daxili məhsulunda önəmli bir paya malik olduğunu diqqətə çatdıran Prezident Əbdülfəttah əl Sisi qeyd edib ki, postpandemiya dövründə yeni turist obyektlərinin, Böyük Misir Muzeyinin, Qalala və Alamein tarixi məkanlarının istifadəyə verilməsi nəzərdə tutulur.
BMT ÜTT-nin Baş katibi Misir Milli Muzeyini ziyarət edib, burada bəşər sivilizasiyasının beşiyi sayılan Qədim Misirin tarixi-mədəni irsinə aid eksponatlarla tanış olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə