MƏDƏNİYYƏT


BMT-nin Vyana bölməsində Novruz şənliyi təşkil edilib VİDEO

Vyana, 13 mart, AZƏRTAC

Martın 13-də BMT-nin Vyana bölməsinin “Rotunda” salonunda Azərbaycan, Əfqanıstan, İraq, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan və Türkiyənin daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə 21 mart Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram mərasimində BMT-nin Vyana bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Vyana ofisinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə BMT-nin Vyana bölməsinin rəhbəri, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov açaraq, tədbirin təşkilində zəhməti olan təşkilatçı ölkələrin BMT-dəki daimi nümayəndəliklərinə təşəkkür edib.

Bildirilib ki, təbiətin oyanmasını müjdələyən, yeni ilin, yeni həyatın başlanğıcını bildirən Novruz daim insanlarda ümid, xoş gələcəyə inam və əmin-amanlıq arzusunu özündə ehtiva edir. Eyni zamanda, sülh, dostluq, insan haqları və insan ləyaqəti kimi dəyərlərin qorunması ilə bağlı öhdəliklərimizi bizə xatırladan bu bayram bu dəyərlərə yenidən yüksək qiymət verməyimiz üçün yeni imkanlar açır.

Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Azərbaycanın Xalq artisti Simarə İmanova və xanəndə Əmrah Məcnunov konsertdə “Qarabağ” mahnısını, “Qarabağ şikəstəsi” və bayram mahnıları ifa ediblər. Onları Ramin Rzayev (tar), Rauf Məsimov (kamança) və Ruhulla Dadaşov (nağara) müşayiət edib. Eyni zamanda, Azərbaycanın Əməkdar artisti Eteri Cəfərovanın bədii rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu milli rəqslərimizi məharətlə təqdim edib.

“Rotunda” zalında qurulmuş guşələrdə təşkilatçı ölkələrin milli mətbəxi, Novruz şirniyyatları və suvenirlər təqdim olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.