İQTİSADİYYAT
BMT-nin baş katibi ölkələri dünya energetika sistemində dəyişiklik etməyə çağırıb
Bakı, 3 noyabr, AZƏRTAC
BMT-nin baş katibi Antonio Quterreş planetin əhalisini əlçatan, etibarlı və müasir enerji mənbələri ilə təmin etmək məqsədilə bütün ölkələri tədbir görməyə çağırıb.
XXI əsrdə bir milyard insan hələ də elektrik enerjisindən istifadə etmir. Onlardan 500 milyonu Afrikada, 400 milyonu Asiya-Sakit okean regionundadır. Kənd yerlərində ailələrin çoxu yemək hazırlanmasında və evlərin qızdırılmasında ənənəvi enerji mənbələrindən istifadə edir. Bu, evlərdə havanın çirklənməsinə və ildə doqquz milyon insanın ölümünə səbəb olur.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikirləri BMT-nin baş katibi energetikanın inkişafına, iqtisadi artım, sosial ədalət, iqlim və ətraf mühitin sağlamlığı məsələlərinə həsr edilən tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib ki, dayanıqlı energetika Dayanıqlı İnkişafın Məqsədlərinin hamısını birləşdirən mühüm amildir. Əhalinin energetika sahəsində müasir xidmətlərlə təmin edilməsi yoxsulluğun azalmasına, ərzaq sisteminin möhkəmlənməsinə, təhsilin və səhiyyənin keyfiyyətinin yüksəlişinə kömək edəcək.
BMT-nin baş katibi vurğulayıb ki, əhalinin sayının artması nəticəsində ekoloji cəhətdən təmiz enerjiyə tələbat artacaq. “Bu o deməkdir ki, dünya energetika sistemində dəyişikliklərə nail olmaq lazımdır. Elektrik enerjisinə tələbatın ödənilməsi üçün bərpa olunan enerji mənbələrini inkişaf etdirmək lazımdır. Bunlar ətraf mühiti çirkləndirməyəcək və atmosferə istixana qazları tullantısını artırmayacaq”, - deyə Antonio Quterreş vurğulayıb.